!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağdakı aktiv təhlükə: Rəsmi Bakı sülhməramlılarla hansı dildə danışmalıdır? - Səxavət Məmməd yazır

!Reklam – Yazi

44 günlük müharibə 10 noyabr üçtərəfli bəyanatı ilə yekunlaşandan sonra Azərbaycanda bir qrup şəxs haqlı olaraq iradlarını dilə gətirdi.

Misal üçün, keçmiş Dağlıq Qarabağ ərazisinin bir hissəsinin Azərbaycanın yurisdiksiyasına keçməməsi və Laçın dəhlizi.

Bir qrup ekspert və şərhçilər isə Rusiya sülhməramlılarını mədh edir, tənqid edənləri isə topa tuturdular. Bu şəxslər hələ Sarıbaba əməliyyatından əvvəl belə pafosla deyirdilər ki, Azərbaycan Xankəndiyə və Laçın dəhlizinə nəzarət edir. Təbii ki, bu şəxslərin də bir fanat ordusu vardı. “Sağ ol”dan, “əhsən”dən, “ura-ura-ura”dan deyib bihuş olurdular. Biri də sual vermirdi ki, necə nəzarət edirik. Yeri gəlmişkən, belə suallara da veriləcək cavabları vardı: “Vizual müşahidə edirik”. Vizual müşahidə gələn silah-sursatın, əsgərin, texnikanın qarşısını alır mı? Yox!

Özlərini hökumətin gözünə soxmaq istəyən bu şəxslər alacaqları maliyyə, quracaqları əlaqələrə görə Azərbaycan xalqının başının altına yastıq qoyurdular. Təkcə xalqın da yox, elə hökumətin də! Hesabat veriləndə bildirilirdi ki, media və ekspertlərimiz belə düşünür. Bir yastıq da ora. Bəli, həmin şəxslər, onlara bu sözü dedirdənlər əlaqə də qurdular, maliyyə də aldılar, ancaq vəziyyət son dərəcə qəlizləşib. Əgər bir ölkənin xüsusi xidmət orqanının rəis müavini, xarici işlər naziri, Müdafiə Nazirliyi yaranmış vəziyyətlə bağlı açıqlama verirsə, məsələ göründüyündən də ciddidir.

Laçın dəhlizinə keçməzdən öncə bir neçə kəlmə də Xankəndi ilə bağlı. Dəfələrlə olub ki, Xankəndiyə nəzarəti Azərbaycan ələ almalıdır tipli yazılar yazanda tənqid atəşinə tutulmuşuq ki, 30 il heç Şuşanı, Kəlbəcəri, Ağdamı, Laçını görə bilmirdik, naşükür olmayın! Şükür edənlər naşükürlük edənlərdən daha çox əl-ayağa düşüblər. Buna da şükür!

Bəzən xəbərlər oxuyuruq, hansısa xaker NASA-nın saytına daxil olub və önəmli bilgiləri ələ keçirib. Uzağa niyə gedirik, adi işlədiyimiz saytlarda da bunlar yaşanır. Dəfələrlə olub, erməni xakerlər Azərbaycan saytlarına, azərbaycanlı xakerlər də erməni saytlarına hücum edib, məlumatları götürüb, ürəkləri istəyəni yazıb, sonra çıxıblar. Bu necə mümkün olur? Zəif yer tapılır, içəri sızılır. Bunlar son dərəcə çətin və vaxt aparan işdir. Məsələ içəri daxil olmaq üçün boşluğun tapılmasıdır. Bax Laçın dəhlizi də o boşluqdur. Laçın dəhlizi gizli tunel, boşluq da deyil. Ermənilər rusların nəzarət(sizliy)i altında silahlanırlar. Dəhlizdə yalnız texnikaları və silahları kamuflyaj edərək keçirlər. Bu məsələdə tək gizlilik gizlətməkdir.

Laçın dəhlizi ermənilər üçün, təkcə onlar üçün də yox, bölgədə maraqları olan güclər üçün bir nəfəslikdir. Dəhliz vasitəsilə beyinlərin yuyulması üçün ideologiyalar, əllərinə almaq üçün silahlar keçirilir. Ürəyi istəyən gəlib dəstək verib, bəyanat da səsləndirə bilir.

Laçın dəhlizi Azərbaycanın suverenliyi üçün təhdiddir, təhlükədir.

Sual yaranır, qeyri-qanuni erməni silahlı dəstələri niyə silahlandırılır? Müdafiə olunmaq üçün?

Hesab edirəm ki, bu silahlanma təkcə Xankəndini əldə saxlamaq məqsədi güdmür. Oradakı qeyri-qanuni dəstələrin təşkilatlanması daha çox gələcəyə hesablanıb. Sabah güc yığdıqdan sonra onların yenidən ətraf əraziləri işğal etmək niyyətində olmayacaqlarına kimsə qaranti verə bilər?

Rəsmi Bakının bir neçə dillə məsələni gündəmə gətirməsi hansısa planın varlığından xəbər verir. Əgər sadəcə sözlü təhdid və açıqlamalardırsa, vəziyyət dəyişəcək cinsdən deyil.

Azərbaycan əməliyyat keçirmək hüququnu hər zaman özündə saxlayır. Ancaq əməliyyata qədər bir çox məsələləri də həll etmək lazımdır. Öncə ictimaiyyəti, ardınca siyasi ortamı hazırlamaq lazimdir. Həmçinin qüsursuz əməliyyat planı hazır olmalıdır.

Niyə ictimaiyyəti hazırlamağı ön plana çəkirəm? Çünki sentyabr əməliyyatının nəticələrini, şəhid sayını toplum hələ də həzm edə bilməyib. Yeri gəlmişkən, nəticə ilə bağlı hesabat belə verilməyib.

Siyasi ortama gəldikdə isə Rusiya Azərbaycanın Laçın dəhlizində nəzarəti ələ keçirməsinə, ən azı birgə fəaliyyətə razı salınmalıdır. Sərhəd keçid məntəqəsinin qurulmasına “hə” deməlidir. Gömrük və digər məsələlər gələcəyin işidir.

Qüsursuz əməliyyata gəldikdə isə əsas diqqət çəkmək istədiyim yer Rusiya sülhməramlılarına toxunmamaqdır. Bu, rus əgəri toxunulmazdır demək anlamına gəlmir. Sadəcə rus əsgərinin olümünə rəsmi Moskva necə reaksiya verəcək, bunu bilə bilmərik. Bundan əlavə, Azərbaycan ordusunun da itkilərinin minimum olması vacibdir.

Açıq şəkildə hiss olunur ki, siyasi böhran pik həddi görməyə yaxındır. Bu da o anlama gəlir ki, növbəti mərhələ hərbi böhranındır…

Səxavət Məmməd

www.yenicag.az

757
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv