“Əgər qol imkanlarımızı reallaşdırsaydıq, oyunda qələbə qazana bilərdik”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Qarabağ”ın 3-cü təsnifat mərhələsinin ilk oyununda “Ludoqorets”ə məğlub olmasının səbəbləri haqda danışan futbol mütəxəssisi Aslan Kərimov deyib.
Onun sözlərinə görə, bütün 90 dəqiqəyə nəzər salası olsaq, rəqibin cəmi 3 təhlükəli qol imkanı oldu:
“Əslində, hamı kimi mən də “Qarabağ”ın qələbə qazanacağına inanırdım. Qələbəyə inamın arxasında duran əsas faktorlar var idi ki, bunu da meydançada görə bildik. Bilirdik ki, komandamız daha dominant oynayacaq, topa sahib olacaq, “Qarabağ”ın hücum xəttində olan oyunçular da çox yaxşı olduğuna görə cinahlarda üstünlük əldə edəcəyik. Oyun olaraq, əslində, rəqibi üstələyə bilmişdik, lakin bir azarkeş olaraq deyə bilərəm ki, belə bir oyunu qolla bəzəmək lazım gəlirdi. Azarkeşlər bu cür oyunayaraq, qələbə qazanmağı daha çox oyun üslübu kimi görürlər. Lakin düşünürəm ki, burada çatışmayan cəhətlərdən biri yalnız qollarımızı reallaşdıra bilməməyimiz idi. Bütün 90 dəqiqəyə nəzər salası olsaq, rəqibin cəmi 3 təhlükəli qol imkanları oldu. O imkandan da birini müdafiədə özümüz yaratdıq. 2 asmadan sonra qapımızda qol gördük. Sağ cinah müdafiəçimiz boşluq verdi və rəqib də həmin boşluqdan istifadə etdi”.
A.Kərimov qeyd edib ki, rəqibin üstün tərəfi də müdafiədə əzmkar olması idi:
“Lakin buna rəğmən “Qarabağ”ın bir neçə qol imkanı oldu. Sadəcə olaraq, bu qolları vura bilmirsənsə, nəticə etibarı ilə məğlub duruma düşə bilərsən. Oyunda bəzi məqamlarda elə epizod oldu ki, rəqib komandanın oyunçusuna sarı vərəqə vermək olardı, amma hakim burada xəbərdarlıqla qane oldu. Onun xaricində hakimin oyuna təsir edəcək qərarını görmədik, əksinə, rəqibə qırmızı vərəqə göstərdi. Bu baxımdan hakimi çox da günahlandırmağa haqqımız çatmır. Əgər qol imkanlarımızı reallaşdırsaydıq, oyunda qələbə qazana bilərdik. Amma bu oyunun hələ birinci hissəsidir. Düşünürəm ki, Bolqarıstandakı oyun bizim üçün daha rahat olacaq. Rəqib meydanında oynasaq belə, “Ludoqorets”in bu qədər çox geridə oturacağına inanamıram. Fikrimcə, rəqib hesabı qoruyub saxlamağa çalışacaq, amma komandamız əminəm ki, ən azı 3-4 qol imkanımız olacaq”.
İsmayıl Bakuvi