İnşaat materialları bazarında BAHALAŞMA: "Bu, əmlak bazarına təsirsiz ötüşməyib”
“İşğaldan azad olunan ərazilərdə kütləvi inşaat işlərinin başlanmasından sonra Azərbaycanda inşaat materiallarının qiymətlərində artım müşahidə olunmağa başlayıb”.
Bu barədə Yenicag.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib.

Onun sözlərinə görə, proses 2021-ci ildən etibarən tədricən gedib və ən ciddi bahalaşma armaturda qeydə alınıb:
“2021-ci ildə armaturun bir tonunun qiyməti təxminən 780–800 manat idi. Hazırda isə bu rəqəm 1200 manat civarındadır. Yəni ən çox bahalaşma armaturda baş verib. Digər inşaat materiallarında isə 15–20 faizdən artıq artım, demək olar ki, müşahidə edilməyib və bu, daşınmaz əmlak sektoruna ciddi təsir göstərməyib”.
Ekspert qeyd edib ki, yaranmış vəziyyətdən ən çox sui-istifadə edən tərəf tikinti şirkətləri olub:
“Tikinti şirkətləri qiymətləri normadan artıq qaldırmaqda maraqlı oldular və bu, tədricən bütün daşınmaz əmlak sektoruna təsir etdi. Yanacağın bahalaşması, logistika xərclərinin artması, fəhlə qüvvəsinin azalması və onların istehlak xərclərinin yüksəlməsi də qiymət artımını sürətləndirdi. Qida məhsulları, nəqliyyat xərcləri bahalaşdıqca fəhlə sinfi də xidmət haqqını qaldırdı ki, bu da əmlak bazarına təsirsiz ötüşmədi”.
Elnur Azadov vurğulayıb ki, 2020-ci ilə qədər daşınmaz əmlak bazarında kəskin qiymət artımı məhz tikinti sektoru ilə bağlı olmayıb:
“O dövrlərdə hansısa inşaat materialı fərdi ev tikintisində kütləvi istifadə olunurdu və bahalaşırdısa, bu, fərdi evlərin qiymətinə cüzi təsir edirdi. Amma bu gün müşahidə olunan kütləvi və yüksək həcmli bahalaşma tamamilə fərqli səbəblərlə bağlıdır”.
Ekspertin sözlərinə görə, 2021-ci ilin əvvəli ilə 2025-ci ilin sonunu müqayisə etdikdə Bakı şəhərində mənzil qiymətləri təxminən 70 faiz artıb:
“Bu, həddindən artıq böyük göstəricidir və bunu inşaat materiallarının bahalaşması ilə izah etmək düzgün deyil. Burada əsas problem təkliflə tələbin uzlaşmamasıdır. Təklif həddindən artıq azdır, tələbat isə çoxdur. Bundan sui-istifadə edən həm fiziki, həm də hüquqi şəxslər var. Xüsusilə tikinti şirkətləri az sayda qalan mənzilləri normadan xeyli baha qiymətə bazara çıxarırlar ki, bu da qiymətlərin daha da artmasına səbəb olur”.
Elnur Azadov bildirib ki, dövlətin bu sahədə təsir imkanları mövcuddur:
“Son 5–6 ildə Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti şirkətlərinə verilən icazələrin məhdudlaşdırılması bazarda rəqabəti ciddi şəkildə azaldıb. Nəticədə inşaat həcmi, xüsusilə mənzil fondu üzrə təxminən 10 dəfə azalıb”.
Ekspert çıxış yolu kimi bir sıra təkliflər də səsləndirib:
“İlk növbədə, Şəhərsalma və Arxitektura Komitəsi böyük həcmdə tikinti icazələri verməlidir ki, bazarda sağlam rəqabət formalaşsın. Digər tərəfdən, ölkədə armatur istehsal edən cəmi üç-dörd müəssisə var və rəqabət az olduğuna görə qiymətlər normadan yuxarıdır. Xaricdən armatur idxalına şərait yaradılmalı və uyğun vergi güzəştləri tətbiq olunmalıdır. Bu halda həm inşaat materiallarının, həm də nəticə etibarilə daşınmaz əmlakın qiymətlərində sabitləşmə mümkündür”.
Samir Məcid












