Amasiya rayonunun daxili futbol ÇEMPİONATI: “Qaraçanta” FK startı möhtəşəm qələbə ilə GÖTÜRDÜ – FOTO
Sentyabrın 7-də Bakı Tennis Akademiyasının stadionunda Qərbi Azərbaycanın Amasiya rayonunun kəndlərarası minifutbol çempionatının açılış mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, turnir Qərbi Azərbaycan həqiqətlərinin təbliği, gənclərin birliyinin möhkəmləndirilməsi, onların arasında koordinasiyanın qurulması və sağlam həyat tərzinin təşviqi məqsədilə təşkil olunub. Açılış oyununda Qaraçanta və Güllücə kənd icmalarının komandaları qarşılaşıb.
Mərasimdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Məmmədov, İcmanın Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, İcmanın Qadınlar Şurasının sədr müavini, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Amasiya rayon icmasının üzvləri və incəsənət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan rayon icmalarının mini futbol komandalarının fəaliyyəti və gənc istedadların üzə çıxarılması diqqət mərkəzindədir. O, idmanın, xüsusilə də mini futbolun gənclər arasında milli həmrəylik və vətənpərvərlik ruhunun gücləndirilməsində mühüm vasitə olduğunu qeyd edib və Amasiya icmasının xidmətlərini yüksək qiymətləndirib.
Çıxış edən Hikmət Məmmədov futbolu həmrəylik hadisəsi adlandıraraq, Qərbi Azərbaycan İcmasının bu kütləvi idman növünə xüsusi önəm verdiyini vurğulayıb. O, həmçinin komandaların adlarının milli toponimləri yaşatdığını, bunun isə yaddaşımızın təzələnməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Şahin İsmayılov isə turnirin gənclər və futbol həvəskarları arasında böyük rəğbət qazandığını, Qərbi Azərbaycan ideyalarının yaşadılmasına xidmət edən bu layihənin artıq öz hədəfinə çatdığını bildirib. O, Amasiya komandasının çempionat boyunca da uğurlar qazanacağına inam ifadə edib.
Daha sonra Amasiya icmasının ziyalıları çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Açılış mərasimi bədii hissə ilə davam edib. Amasiya rayonunun üzvlərinin ifasında Qərbi Azərbaycanın zəngin mədəniyyət nümunəsi sayılan Ağbaba yallısı tədbirə xüsusi rəng qatıb.
Oyun 12:2 hesabı ilə “Qaraçanta” komandasının qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, minifutbol turnirində Qərbi Azərbaycanın Amasiya rayonunu təmsil edən gənclərdən ibarət 10 kənd komandası iştirak edəcək.
Rafi Müslümov