QHT-lərin işinə DÖVLƏT NƏZARƏTİ: “Həyata keçirilən müsbət dəyişikliklər bu sahədə fəaliyyəti…” – Aqil Ələsgər

“Layihələrin icrasına media nəzarətinin gücləndirilməsinə imkan verən hüquqi bazanın yaradılması diqqəti xüsusilə cəlb edir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti tərəfindən təsdiqlənən “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması Qaydası”nı dəyərləndirən “Yeni Çağ” Media Qrupunun Baş direktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər deyib.

Aqil Ələsgərin fikrincə, son dövrlərdə ölkənin QHT sektorunda həyata keçirilən müsbət dəyişikliklər bu sahədə fəaliyyəti əhəmiyyətli dərəcədə optimallaşdırıb:

“Öncə qeyd etmək istərdim ki, ölkə həyatının ən müxtəlif sahələrində gerçəkləşdirilən pozitiv dəyişikliklər konkret istiqamətlər üzrə fəaliyyəti stimullaşdırmaqla yanaşı, cəmiyyət tərəfindən də rəğbətlə qarşılanır. Çox əlamətdar haldır ki, həyata keçirilən dəyişikliklər QHT sektorunu da əhatə edir və bununla dövlət maraqlarının, ictimai maraqların əsas götürüldüyü layihələrin icrası ilə qarşıya qoyulan məqsədlərə daha effektli şəkildə nail olunur. O baxımdan, QHT-lərin fəaliyyətinin tənzimlənməsində istər hüquqi bazanın təkmilləşdirilməsi, istərsə də fəaliyyət mühitinin sağlamlaşdırılması öz müsbət təsirlərini göstərməkdədir. Əlbəttə, bütün bunlar QHT-lərin fəaliyyətini optimallaşdırmaqla bərabər, onların məsuliyyətini də xeyli artırır”.

O, hesab edir ki, Nazirlər Kabineti “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması Qaydası”nı təsdiq etməklə, bu sahədə fəaliyyətin yeni keyfiyyət mərhələsinə adlamasına yol açıb:

“Açıq danışsaq, Agentliyin elan etdiyi qrant müsabiqələri nə qədər obyektiv keçirilsə də, qaliblərin sırasından kənarda qalan bir sıra QHT-lər öz narazılıqlarını davamlı şəkildə ictimailəşdirməkdədirlər. Eyni zamanda, maliyyələşdirilən bəzi layihələrin aktuallığı, dövlət və ictimai maraqlara uyğunluğu, ayrılan qrantların məbləği, layihələrin icra prosesinin qeyri-şəffaflığı və hesabatlılığın yetərsizliyinə dair şikayətlərin şahidi oluruq. Doğrudur, müsabiqəyə təqdim olunan layihələrin qiymətləndirilmə meyarları narazı QHT-lərə detallı izah edilsə də, bu, vəziyyəti dəyişmirdi.

Lakin Nazirlər Kabinetinin qrantların verilməsi və layihələrin icrası ilə bağlı təsdiqlədiyi qaydalar bu məsələdə əsaslı dönüş yaradılmasına xidmət edən addım olaraq qiymətləndirilməlidir. Sənədin adından da göründüyü kimi, artıq QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdiriləcək layihələrin icrasına yönəlik yeni tələblər və yanaşmalar qüvvəyə minib. Bütün bunlar o deməkdir ki, layihələrin maliyyələşdirilməsindən tutmuş, onların icrası və qiymətləndirilməsinə qədər ictimai nəzarət mexanizmi yaradılır. Bu çərçivədə əlbəttə ki layihələrin icrasına media nəzarətinin gücləndirilməsinə imkan verən hüquqi bazanın yaradılması diqqəti xüsusilə cəlb edir. Dövlət bu addımı ilə bir daha nümayiş etdirdi ki, QHT sektorunun inkişafında sona qədər maraqlıdır və bu sahədə həyata keçirilən fəaliyyətin şəffaflığının təmin olunması üçün gərəkən addımları atmaq əzmindədir. Əminliklə deyə bilərəm ki, təsdiqlənən qaydaların praktik faydası artıq növbəti qrant müsabbiqəsində özünü qabarıq göstərəcək”.

COP29