!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qurban bayramının hikməti və QAYDALARI: Bu heyvanlar qurban kəsilə bilməz

!Reklam – Yazi

“Qurbanlıq bir insanın bütün varlığı ilə Uca Allaha yaxınlaşması, Onun razılığını qazanması üçün öz malından fəda etməsidir”.

Bu fikirləri Yenicag.az-a mübarək Qurban bayramının mahiyyəti və qurban kəsimində əməl olunması lazım olan qaydalar haqda danışan Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Hacı Cavad məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev deyib.

Onun sözlərinə görə, qurbanlığın tarixi bəşəriyyətin ilkin dövrlərinədək uzanır.

“Qurani-Kərimdə Həzrət Adəmin oğulları Habil və Qabilin qurbanlarından bəhs edilir. Bu minvalla qurbanlıq bəşəriyyətin bütün tarixi boyu davam etmiş və nəhayət, sonuncu peyğəmbər Həzrət Məhəmmədin (s) sünnəsində bütün təfərrüatı ilə öz əksini tapmışdır. Qurban “yaxınlaşmaq” mənasını verir. Qurbanlıq bir insanın bütün varlığı ilə Uca Allaha yaxınlaşması, Onun razılığını qazanması üçün öz malından fəda etməsidir. Allah-Təala “Həcc” surəsinin 34-cü ayəsində “Hər ümmət üçün Allahın onlara ruzi olaraq verdiyi heyvanlar üzərində adını ansınlar deyə qurban kəsməyi qanuni etdi”, – deyə buyurmaqla həm qurbanlığın mahiyyətini, həm onun qanuniliyini və həm də onun sırf Allahın razılığını qazanmaq üçün icra edildiyini bəyan edib”, – deyə o bildirib.

İlahiyyatçı qeyd edib ki, imkanı olan hər bir kəsin qurban kəsməsi bəyənilmiş əməldir:

“Bu əməlin Uca Allahın yanında çox böyük savabı vardır. Lakin heyvan kəsərkən onun sağlam olması, kök olması vacibdir. Həzrət Peyğəmbər (s) mübarək kəlamlarının birində belə buyurur: “Topal, təkgözlü, xəstəliyi bəlli olan zəif və cılız heyvan qurban kəsilməz.” İslam şəriətinə görə, qurbanlıq kəsilən heyvanın növü, yaşı və çəkisi müəyyən edilməlidir. Müsəlman alimlərinə görə, yalnız xırdabuynuzlu (qoyun və keçi), iribuynuzlu (inək və camış) və dəvədən qurban kəsilə bilər. Ovlanmış, quş cinsindən və əti haram olan heyvanlar qurban kəsilə bilməz. Xırdabuynuzlu heyvanlar bir yaşında olmalıdır. Lakin alimlərin əksəriyyətinə görə, əgər həmin heyvan altı aylıq olub, bir illik heyvana bənzəyirsə, qurban kəsilə bilər. İribuynuzlu heyvanlar isə iki yaşını, dəvə isə beş yaşını tamamlamalıdır. Qurban kəsilən heyvan bir nəfər və ya daha çox insan tərəfindən kəsilib paylaşıla bilər. Bu, əksər alimlərin görüşüdür. Qurban kəsilərkən bəzi qaydalara da riayət etmək lazımdır. Qurban kəsiləcək heyvan üzü qibləyə uzadılmalı, bıçaq iti olmalı, heyvanı kəsərkən “Bismillah” deyilməlidir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv