Regiona sülhün gəlməsini istəməyən hansı qüvvələrdir? – “Ermənistanı müharibəyə məcbur edən tərəflər var”
“Bir görəcəyik ki, Qarabağı tələb edən və kifayət qədər silahlanmış Ermənistan dayanıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistanda müharibə ritorikası, əhalinin sığınacaqlara getməsi yönündə təlimlər və real vəziyyəti şərh edən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynli bildirib ki, regiona sülhün gəlməsini istəməyən çoxlu sayda qüvvələr var.
“Region dövlətləri müharibə istəmir. Ancaq regionda müharibəni, gərginliyi istəyən qüvvələr var.
Son zamanlar Ermənistanda belə bir fikir möhkəmlənməkdədir ki, sülh müqaviləsi bağlanmırsa, onda özünü müdafiə qüvvələrinin, ordunun gücünü artırmaq lazımdır. Ermənistan özü müharibəyə getməsə də, onu buna məcbur edən tərəflər var. Ordunun gücünü erməni diaspor təşkilatlarının ianələri hesabına formalaşdırırlar. Bir gün gözümüzü açıb görəcəyik ki, bir səslə hayqıraraq, Qarabağı tələb edən və kifayət qədər silahlanmış Ermənistan dayanıb”, – deyə o qeyd edib.
Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi ordunun potensialını artırmalıdır:
“Eyni zamanda, sülh danışıqlarının baş verməsinə də diqqət yetirilməlidir. Bölgədə müharibənin ağırlığını çiynində daşıya biləcək dövlətlər yox dərəcəsindədir, yaxud çox zəifdirlər. Bu Gürcüstana da, Ermənistana da aiddir. Bir tək Azərbaycanın hərbi potensialı yüksəkdir”.
Səxavət Məmməd