“Regionda gərginliyin olması ruslara sərf edir”.
Bu sözləri sülh danışıqlarının getdiyi bir zamanda şərti sərhəddə baş verən atışmanı şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, bu hadisənin arxasında Rusiyanın olduğu görünür:
“Ermənistanın Baş naziri Nikol Paşinyan 9 may faşizm üzərində qələbə günü ilə əlaqədar Moskvada səfərdə oldu. Ondan əvvəl Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsov 2 dəfə Arayik Arutunyanla görüşdü. Sonra Paşinyanla görüş keçirdi. Nəhayət 10 gün sonra Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdü. General-polkovnik Aleksandr Lentsov Azərbaycan ərazisində xidmət aparacaq. Ona görə də o, qərargahına getmək üçün Ermənistandan yox, Bakıdan getməli idi.
Ruslar sülh müqaviləsinin imzalanmasına heç cür razılıq vermək istəmirlər. Rusların Ermənistan ordusuna təsiri var. Görünən odur ki, ruslar sərhəddəki hadisəni törədiblər. Bunun nəticəsidir ki, gecədən səhərə qədər atışma davam edib. Ruslar sülhün olmasını heç cür istəmir. Regionda gərginliyin olması onlara sərf edir. Bəziləri bildirir ki, İran dronlarından istifadə ediblər. Bu barədə heç bir dəqiq informasiya yoxdur. Hadisə nəticəsində bir əsgərimiz şəhid olub. Qarşı tərəfdən isə 4 nəfər yaralanıb. Paşinyanın bu işdə maraqlı olmasını düşünmürəm. Ermənistanda revanşist qüvvələrin və rusların orduda çox ciddi dayaqları var. Onların əli ilə də bu hadisə törədilə bilər”.
Səxavət Məmməd