Rezidenturaya imtahan verən əvvəlki məzunların 75 faizi aşağı nəticə göstərdi
2024-cü ilin statistik hesabatında əvvəlki illərin məzunlarının imtahandakı nəticələri digər imtahan iştirakçılarının nəticələrindən çox zəif olub. Hesabata əsasən, əvvəlki illərin məzunlarının böyük hissəsi (75.04%-i) 40 baldan aşağı nəticə göstərdiyinə görə məqbul nəticə əldə edə bilməyiblər.
Yenicag.ax xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent 12” jurnalında qeyd olunub.
Məlumata əsasən, ötən il rezidenturanın 1-ci cəhd imtahanında iştirak etmək üçün 786 tələbə müraciət edib, 776 nəfəri baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak edib. 374 nəfər “məqbul” alıb.
İmtahanın I mərhələsində iştirak edən 1743 namizəddən 967-si əvvəlki və cari ilin məzunları olub. İştirakçılardan 314 nəfər məqbul alaraq II mərhələdə iştirak etmək hüququ əldə edib.
II mərhələdə iştirak etmək üçün ərizə verənlərin sayı 894 nəfər olub. İmtahanın II mərhələsində 889 nəfər iştirak etmiş və bu namizədlərin çoxu (666 nəfər -74.92%) müsabiqədə iştirak etmək hüququ qazanıb.
Müsabiqədə iştirak edən namizədlərin 90.94%-i (592 nəfər) öz ərizəsində Azərbaycan Tibb Universitetinə (Hərbi tibb fakültəsi ilə birlikdə 98.92% (644 nəfər)), 77.88%-i (507 nəfər) Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna, 68.97%-i (449 nəfər) Bakı Sağlamlıq Mərkəzinə, 67.74%-i (441 nəfər) Mərkəzi Klinikaya, 64.98%-i (423 nəfər) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına aid olan ixtisasları qeyd edib.
İmtahanlarda iştirak üçün qeydiyyatdan keçən namizədlərin 36.09%-i rezidenturaya qəbul olub.