“Bu tikintilərdə bir nömrəli məqsəd Qarabağdakı erməniləri Rusiyanın bura uzun müddətli gəldiyinə inandırmaqdır”.
Bu fikirləri Rusiya sülhməramlı qüvvələrinin yerləşdikləri Azərbaycan ərazisində modul tipli yox, daşdan kazarmalar tikməsi və Laçın dəhlizindən Qarabağa erməni hərbçilərinin gətirilməsi haqqında danışarkən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.
İlham İsmayıl Rusiyanın ərazidə tikinti işləri apararaq möhkəmlənməsilə bölgədən çıxmayacağına dair mesaj ötürdüyünü bildirib:
“Modul tipli şəhərcik salan Rusiya sülhməramlıları niyə birdən-birə tikintiyə keçməlidir? Ən sadə məntiqlə yanaşanda bu o deməkdir ki, Rusiya burada uzun müddət qalacağının mesajını verir. Orada ermənilərin sayı çox azdır. Jurnalistlərə müsahibə verən Qarabağ erməniləri deyirlər ki, rusların burada nə qədər qalacağını bilmirik. Separatçı rejimin rəhbərləri də deyir ki, bizim burada yaşamağımız Rusiyaya bağlıdır. Rusiya da erməniləri orada saxlayaraq Cənubi Qafqaza təsir və təzyiq imkanlarını artırmaq üçün sadə bir yol seçir, bayrağını qaldırır. Rusiya kazarmaların tikintisinə başlamaqla göstərir ki, burada daimi qalmaq istəyir. Azərbaycan tərəfinin iradına Rusiya hüquqi cavab olaraq deyə bilər ki, müddət bitəndən sonra söküb aparacağıq və yaxud bağışlayıb gedəcəyik. Ancaq o tikinti 6 aydan bir dəyişən Rusiya əsgəri üçün deyil. Bu tikintilərdə bir nömrəli məqsəd Qarabağdakı erməniləri Rusiyanın bura uzun müddətli gəldiyinə inandırmaqdır. Rusiya orada tikir, erməni də tikir. Rusiya tikməsə, erməni tikməyəcək. Ötən 9 ayda Azərbaycan hadisələrə müşahidəçi qismində yanaşıb. Bu gün Qarabağ məsələsi gündəmdə deyil. Gündəmdə Ermənistan və Azərbaycan arasında dövlət sərhəddinin delimitasiyası və demarkasiyası işləridir. Bu həm də baza yaratmağın ilk əlamətləridir”.
Laçın dəhlizindən erməni hərbçilərinin Qarabağa keçməsinə gəldikdə isə İlham İsmayıl bunları deyib:
“Bu, həqiqətdir. Laçın dəhlizindən hərbi maşınlar keçib. Bunu Rusiya-Türkiyə Monitorinq Mərkəzi də bilir. Bu, 10 noyabr bəyənatına tamamilə ziddir. Ora gələn canlı qüvvə və texnika Ermənistana aiddir. Azərbaycan müşahidəçi rolunda olduğuna görə heç bir addım ata bilmir. Sabah Laçın dəhlizindən tank keçərsə, buna təəccüblənməyəcəm”.
Səxavət Məmməd