Savaşın içində, dumanın altında: Səxavət Məmmədin müharibəni ağlaşmadan çıxaran kitabı – Aqil Bəkir yazır
Hərbi jurnalist Səxavət Məmmədin 44 günlük Vətən müharibəsindən bəhs edən “Savaş və duman” sənədli romanı yaxın tariximizin bilinməyənləri haqqındadır. Savaşla bağlı indiyə qədər yazılıb-çizilmiş kitab və filmlərdən, reportajlardan fərqli olaraq, Səxavət Məmməd bu kitabında müharibə temasını özünəməxsus şəkildə işləyib.

Tarixi gerçəkliyi şahid qismində oxuculara çatdıran Səxavət Məmməd mətndə müxtəlif cür qarşımıza çıxır: hərbi jurnalist, müharibə iştirakçısı, siyasi-hərbi analitik və s. Ancaq onun ən üzdə olan xüsusiyyəti təhkiyəçilikdir, onda danışma istəyi sezilir, mətndəki təngnəfəslik oxucunu ağuşuna alır, Səxavətlə birlikdə qaçır, susayır, güllələrin altında qalır və bütün bunlar baş verərkən hadisələrin ardıcıllığında qırılma yaşanmır, əksinə, keçid elə baş verir ki, zaman məfhumu mücərrədləşir və məkan dəyişməsi həmin mücərrədlikdə ortaya çıxır.
Birinci Qarabağ müharibəsinin işğalla başa çatmasının arxasındakı səbəblərə toxunan müəllif ötən illər ərzində ordu quruculuğu və beynəlxalq siyasətdə əldə edilmiş uğurlara toxunur, qələbəni şərtləndirən amilləri sıralayır, həmçinin yanlışlıqları da çəkinmədən vurğulayır. Xalqdakı məğlub psixologiyanın zəfərə köklənməsi üçün aparılan təbliğatların yetərsiz olduğuna diqqət çəkən Səxavət Məmməd bu inancı xalqda ordunun formalaşdırdığını qeyd edir.
Savaşın bilinməyən qəhrəmanları barədə geniş məlumat verən, onlarla bağlı xatirələrini, müharibədə yaşadıqlarını, hansı şəraitdə döyüşdüklərini yazan müəllif real müharibə səhnələri, bu günə qədər heç bir yerdə yayımlanmayan taktiki gedişlər barədə geniş məlumat verir, zabitlərimizlə yanaşı, vətəndaşların, mühəndislərin əməyinin önəminə diqqət çəkir.
Bütün mətn boyu savaşın birləşdirici gücünü xüsusilə vurğulayan müəllif tarixi reallığın günümüzə yansımasını peşəkar şəkildə işləyir. Həm də birinci müharibədə yurdundan didərgin salınmış ailələrdən olduğunu bildiyimiz Səxavət Məmməd ermənilərin Ağdamın Yusifcanlı kəndinə basqını zamanı keçirdiyi hissləri, yaşadığı duyğuları bütün çılpaqlığı ilə təsvir edir, uşaqlıq travmasından, müharibənin onda açdığı yaralardan xəbərdar olduğunu çəkinmədən bildirir. Qonşu qadının timsalında müharibənin ən qəddar üzü ortaya çıxır: savaşda ya təksən, ya da tək. Müəllifin bacısı ilə birlikdə valideynlərindən ayrı keçirdiyi günlər, bəlkə də, onun barışmaz və əyilməz xarakterinin formalaşmasında böyük rol oynayıb. Bunu deyirəm, çünki Səxavətlə 3 il bir yerdə işləmişik, eyni otağı paylaşmışıq. Hərçənd Səxavəti ofisdə tapmaq müşkül olsa da, dalınca qaçdığı xəbəri yaxalayanda gözündəki parıltıdan məqsədinə çatmış həmin uşağın sevinci görülürdü. Müharibənin, bəlkə də, simvolu halına gəlmiş “Dörd bacının məzarını ayıran səngər” adlı reportajının ölkə sərhədlərini aşaraq dünya mediasında manşet olması da Səxavətin “telefon jurnalistikası”na qarşı tutduğu mövqenin isbatı idi.
Müharibə başlayacağını bir neçə gün öncədən xəbər tutan Səxavətin səsini cəbhə bölgəsindən eşitdiyimiz zaman artıq vəziyyətin ciddi olduğunu bilmişdik. Kitab da ona görə ərsəyə gəlib ki, Səxavət müharibədə özü üçün çalışmadı, əsgərlərlə birlikdə savaşdı – rəsmi və ya qeyri-rəsmi, heç bir fərqi yoxdur – Səxavət oradaydı. Onun və onun kimi vətənsevərlərin ön cəbhədə əsgərlərlə çiyin-çiyinə dayanması, döyüşməsinin hərbçilərimizin motivasiyasının yüksəlməsində oynadığı rolu kitabın hər sətrində görürük. Səxavət üçün cəbhədən informasiya əldə etmək deyil, ora informasiya aparmaq əsas idi və hərbçilərimizin azad edilmiş ərazilər, prezidentin paylaşdığı müjdələrlə bağlı məlumatlandırılmasını təmin etməsinin döyüş ruhunun yüksəlməsinə, qələbəyə inama böyük töhfə verdiyini elə onun özündən oxuyuruq, lakin Səxavət bunu yazarkən belə təvazökarlıqdan uzaqlaşmır.
Müharibə bitdikdən sonra elə gün yox idi ki, Səxavətdən kitabın nə yerdə qaldığını soruşmayaq. O da başından edirdi: “Qaqa, yazacam”. Yazdı. Bu kitabı ilə həm yaxın tariximizin gizli məqamlarını üzə çıxardı, həm də sənədli roman janrının unikal versiyasını əmələ gətirdi. Əlbəttə, bu dünyada mükəmməl heç nə yoxdur, ona görə də “Savaş və duman”da bəzi qüsurlar görülə bilər, ancaq nəzərə almaq lazımdır ki, bu, müəllifin ilk kitabıdır və ilk kitab üçün, həqiqətən, mükəmməl bir iş ortaya qoyub.
Mübaliğə etmirəm, məncə, bu kitab gənclərə vətənpərvərliyin aşılanması üçün bütün məktəblərdə oxudulmalıdır.
Səxavət ilk dəfə kitabı mənə göndərib fikrimi soruşduqda yuxarıda qeyd etdiklərimi daha dostyana şəkildə demiş və kitabın uğurlu olacağını söyləmişdim. İlk satış nəticələri bunu təsdiqlədi. Təqdimata qədər nəşriyyatın anbarında bir kitab belə qalmadı, hamısı satıldı. Bu, Səxavət Məmməd imzasının oxucular tərəfindən nə qədər ciddi qəbul edildiyinin göstəricisidir.
Səxavətin kitabda yazdıqları müharibənin, bəlkə də, onda biri belə deyil, lakin bu belə bizə savaş və zəfər barədə çox şey deyir. Səxavətdən gözləntimiz isə növbəti kitabdır.