!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya kompensasiya ÖDƏYƏCƏK? – “Azərbaycanın tam hüququ var ki...”

!Reklam – Yazi

Mülki aviasiyada baş verən qəzalar nəticəsində insan itkisi həm hüquqi, həm də maliyyə baxımından ciddi məsuliyyət yaradır. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına əsasən, qəzalar nəticəsində həyatını itirən sərnişinlərin ailələrinə kompensasiya ödənilməsi beynəlxalq hüququn tələblərinə uyğun olaraq həyata keçirilir. Bu məqamda, xüsusi beynəlxalq valyuta vahidi – “Special Drawing Rights” (SDR, Xüsusi Borcalma Hüququ) əsasında müəyyənləşdirilən kompensasiya məbləği həm zərərçəkmiş ailələrin maddi dəstəyini təmin, həm də məsul ölkələrin öhdəliklərini yerinə yetirməsini tələb edir.

Qeyd edək ki, SDR kimi adlanan bu valyuta həm Azərbaycan, həm də Rusiya tərəfindən qəbul edilib. ICAO-nun qaydalarına görə, qəza nəticəsində ölən hər sərnişinə görə 250.000 (iki yüz əlli min) SDR kompensasiya ödənilməlidir. Azərbaycan Mərkəzi Bankının hadisə gününə olan məzənnəsinə görə 1SDR – 2.2170 AZN civarında olubsa, deməli, Rusiyanın “Pantsir-S1” hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən vurulan AZAL-a məxsus “Embraer 190” təyyarəsində həlak olan və yaxud zərərçəkənlərin hər birinə 554.250 (beş yüz əlli dörd min iki yüz əlli) Azərbaycan manatı ödənilməlidir. Bu isə təxminən 326.000 ABŞ dolları edir.

Yenicag.az-la söhbətində tanınmış hüquqşünas Ramil Süleymanov da təsdiqləyib ki, sözügedən məsələ ilə bağlı dövlətlərarası münasibətlər Mülki Aviasiya haqqında Konvensiyanın tələblərinə uyğun olaraq tənzimlənir.

Onun sözlərinə görə, Azərbaycan dövləti Rusiya Federasiyasına qarşı hər bir vətəndaş üçün kompensasiya almaq hüququna malikdir:

“Əgər rəsmi şəkildə müraciət olunarsa – hansı ki, bu, Azərbaycan dövləti tərəfindən edilməlidir – nəticə etibarilə, Rusiya Federasiyasından kompensasiyanın ödənilməsi tələb oluna bilər. Əks təqdirdə, Azərbaycan dövlətinin tam hüququ var ki, Rusiyanı beynəlxalq məhkəmələrə müraciət etməklə, həm vəfat etmiş şəxslərin ailələrinə, həm də qəza nəticəsində itirilmiş təyyarəyə görə kompensasiya tələb etsin. Bu hüquqa əsasən, ümumiləşdirilmiş bir məbləğ hazırlanmalı və Rusiya dövlətinə təqdim olunmalı və onun ödənilməsi tələbi irəli sürülməlidir”.

Hüquqşünas diqqətə çatdırıb ki, dövlətlərarası razılaşmaya əsasən, bu kompensasiya qısa müddət ərzində və ya birdəfəlik ödənilə bilər:

“Əgər Rusiya dövləti kompensasiyanın ödənilməsindən imtina edərsə, Azərbaycan tərəfi beynəlxalq arbitraj məhkəmələrinə və ya digər hüquqi instansiyalara, o cümlədən BMT səviyyəsində müraciət edə bilər. Bu məsələdə Rusiya dövlətinə qarşı tətbiq edilən sanksiyalardan əldə olunan gəlirlərin Azərbaycan dövlətinin mənafeyinə yönəldilməsi də gündəmə gətirilə bilər. Lakin bu, daha çox siyasi xarakter daşıyan bir məsələdir. Bu baxımdan, ölkə rəhbərliyi tərəfindən hansı addımların atılacağına qərar veriləcək. Bununla yanaşı, dövlətin belə bir hüquqdan istifadə etməmək və ümumiyyətlə, təzminat tələb etməmək seçimi də mövcuddur. Bir daha təkrar edirəm ki, bu, tələb deyil, hüquqdur”.

Rafi Müslümov

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv