60 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 2 755 ədəd, avtomobil texnikası – 1 500 ədəd, səhra artilleriyası və minaatanları – 405 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 142 ədəd, zenit-raket kompleksləri – 278 ədəd, təyyarələr – 175 ədəd, helikopterlər – 164 ədəd, gəmi-kater – 8 ədəd, PUA – 350 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 2 260 ədəd, avtomobil texnikası – 205 ədəd, səhra artilleriyası və minaatanlar – 1 010 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 155 ədəd, zenit-raket kompleksləri – 205 ədəd, təyyarələr – 98 ədəd, helikopterlər – 63 ədəd, PUA – 423 ədəd.
Ukrayna-Rusiya müharibəsinin altmışıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, 60-cı gün tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş verməyib:
“Əsas döyüşlər taktiki səviyyədə Mariupol, Donetsk, Luqansk, Donbas, Xarkov, Zaporojets ərazilərində davam etdi.
Bu gün həm Rusiya, həm də Ukrayna Pasxa bayramını qeyd edirdi. Pasxa İsa peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian bayramıdır. Bu bayram günündə belə tərəflər döyüşlərə fasilə vermədilər.
Ruslar ukraynalıları Odessaya atılan yeddi qanadlı raket zərbəsi ilə “təbrik etdilər”.
Ukrayna Silahlı Qüvvələri isə bu bayram günündə Xerson vilayətindəki 8 kəndi işğaldan azad edərək rusları “təbrik etdilər”. Ruslar geri çəkilərkən 100-ə yaxın canlı itki verdi, 10 tank, 20-dək digər döyüş texnikası itirdi. Çernobayevka istiqamətinə geri çəkilərkən ruslar haubitsa və digər uzaq vuran artilleriya texnikalarını atıb gediblər. Buna səbəb bataqlıqda texnikaların hərəkət qabiliyyətinin məhdud olmasıdır. Ukrayna ordusu növbəti dəfə işinə yarayacaq çoxlu sayda hərbi qəniməti ələ keçirdi.
44 günlük Vətən müharibəsi zamanı da bu cür hallarla çox rastlaşdıq. Erməni tərəfinin bir neçə sursat anbarını ələ keçirmişdik. Həmin sursatlar sonradan elə ermənilərin öz başına yağmağa başlamışdı. Bundan əlavə, çoxlu sayda tank və sıfır kilometr texnikalar ələ keçirildi. Qarabağda elə istiqamətlər oldu ki, ora sursat təminatının çatdırılmasına gərək qalmadı. Ələ keçirilənlər istifadə olundu. Bu hallar həm də təminatdakı ləngimlələri aradan qaldırmış olurdu. Bu baxımdan, Ukrayna ordusu ruslardan qalanları özlərinə “hədiyyə edirlər”.
60-cı gündə Ukrayna Silahlı Qüvvələri Xerson, Nikolayev, Çernobayevka istiqamətində ABŞ-nin təmin etdiyi dronlardan, NATO ölkələrindən gətirilmiş 155 millimetrlik haubitsalardan, özü yeriyən artilleriya qurğularından, hədəfi özü axtarıb tapan ağıllı bombalardan istifadə etməyə başladı. Artıq Ukrayna tərəfdaşlarının yetişdirdiyi heyətlər sahədə praktiki olaraq öz fəaliyyətlərini göstərməyə başladılar.
Rusiya Silahlı Qüvvələrində isə müasir operativ və taktiki raketlərin qıtlığını müşahidə edirik. Sanksiyalar nəticəsində ölkəyə raketlərin istehsalında istifadə olunan mikrosxemlərin və element bazasının daxil olmaması ciddi problemlər yaradır. Bu səbəbdən Rusiya operativ və taktiki raket ehtiyatlarını artıra bilmir. “İsgəndər” operativ-taktiki raket kompleksləri üçün 9M723 və 9M728 raketləri, habelə “Kalibr” qanadlı raketləri hərbi əməliyyatlarda gün keçdikcə daha az istifadə olunur. Ukraynada Rusiya qoşunları SSRİ dövründən qalan “Toçka-U” operativ-taktiki raketlərindən geniş istifadəyə başlayıb. Rusiyada bu raketlərin kifayət qədər ehtiyatları var. Lakin bu raketlərin tam əksəriyyəti köhnəlib və onlardan istifadə etmək şəxsi heyət üçün riskli və təhlükəlidir. Bundan əlavə, əsasən, Tu-160 təyyarələrindən buraxılan X-101, Tu-95MS və Tu-160 təyyarələrindən buraxılan X-55SM raketlərindən istifadə intensivləşib. Rusların arsenalında təxminən 200 ədəd X-101 və 400 ədəd X-55SM raketlərinin qaldığı ehtimal olunur.
Qərbin tətbiq etdiyi sərt sanksiyalar rejimi fonunda ruslar əksər raket silahlarının istehsalını dondurub. Əməliyyatlar teatrında raket zərbələrinin arasındakı böyük fasilələrin əsas səbəbi budur. Ukrayna tərəfi bunun fərqindədir və uzun vədədə rusların raket ehtiyatlarının tükənə biləcəyini ümid edirlər. Bundan əlavə, Rusiya müharibədə 32 milyard dollardan çox dəyəri olan hərbi texnika və əlavə resurslar itirib. Ən bahalı döyüş itkisi, şübhəsiz ki, ən azı, 760 milyon dollar dəyərində olan “Moskva” kreyseridir. İkinci yerdə dəyəri təxminən 56 milyon ABŞ dolları olan Su-34 təyyarələridir. İlk üçlüyü təxminən 50 milyon dollar dəyərində olan Su-30 təyyarəsi qapayır.
Bu itkilər yeri asan doldurulacaq itkilər deyil və ruslar bunu hər keçən gün özlərinə rəva bilirlər.
Düşünürəm ki, rusların hücum imkanlarının bu itkilərin fonunda hər keçən gün azalacağını müşahidə edəcəyik. Ukaryna isə əksinə, beynəlxalq tərəfdaşlarının qatdığı güc ilə yeni əraziləri öz nəzarətinə götürməyə çalışacaq.
Əməliyyatların intensivliyinin minimuma çatdığı bir fazada ruslar uzaqdan raket-artilleriya zərbələri endirmə əməliyyatları həyata keçirəcək. Ukrayna isə xüsusi əməliyyat qrupları ilə “vur, qaç” taktikasını tətbiq edəcək. Bu asimmetrik əməliyyatlarda hansı tərəfin daha uğurlu olacağını önümüzdəki günlərdə görəcəyik”.
Səxavət Məmməd
www.yenicag.az