Kreml mediası Paşinyana müharibə elan etdi: “Erməni Zelenski Qarabağı itirdi, növbə Ermənistanındır!”

media-hightechnic-468x90

Ermənistanda seçkilərə sayılı günlər qalıb. Bu səbəbdən Rusiyada da seçkiöncəsi Paşinyan əleyhdarlığı daha da güclənir. Bu münasibət Rusiya mətbuatının Ermənistan seçkilərinə yanaşmasında da açıq şəkildə hiss olunur.

Rus mətbuatında Ermənistandakı seçkilər artıq klassik daxili siyasi yarış kimi deyil, birbaşa “Rusiya, yoxsa Qərb?” mübarizəsi kimi təqdim olunur. Kremlə yaxın media orqanlarında Nikol Paşinyan əksər hallarda sadəcə müxalif lider deyil, Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflədən siyasətçi kimi göstərilir.

Ermənistanı Rusiyadan qoparan adam…

Rusdilli yayımlarda ən çox səsləndirilən ittihamların başında “Qərbin adamı” ifadəsi gəlir. “Reuters”-in rus diplomatik mənbələrinə əsaslanan təhlilində Moskvanın Paşinyanın “Ermənistanı Rusiyadan uzaqlaşdırdığına” inandığı qeyd olunur. Yazıda Kreml çevrələrinin seçkiləri “geosiyasi müharibə” kimi gördüyü vurğulanır.

“Москва считает Пашиняна проводником западного влияния” (“Moskva Paşinyanı Qərb təsirinin daşıyıcısı hesab edir”)Reuters

Kremlə yaxın media Paşinyanı xüsusilə Ukrayna bənzətməsi üzərindən hədəfə alır. Rus siyasi verilişlərində və təhlillərində tez-tez “ikinci Zelenski” ifadəsi işlədilir.

“Пашинян идет по пути Зеленского” (“Paşinyan Zelenskinin yolu ilə gedir”)Eurasia Daily

Bu ritorikanın məqsədi erməni cəmiyyətində “Qərbə yaxınlaşmanın müharibə və çöküş gətirəcəyi” düşüncəsini formalaşdırmaqdır. Rus mətbuatında Paşinyanın Avropa İttifaqı ilə yaxınlaşması, ABŞ-la təhlükəsizlik sazişləri imzalaması və KTMT-dən uzaqlaşması “xəyanət” dili ilə təqdim olunur.

Rusiyaya yaxın erməni mediasından Paşinyana ittihamlar

Qarabağ məsələsi Paşinyana qarşı ən ağır təbliğat mövzusuna çevrilib. Xüsusilə Rusiyaya yaxın erməni media orqanları onu “Qarabağı təslim edən lider” kimi təqdim edir.

“Пашинян потерял Арцах” (“Paşinyan Artsaxı itirdi”)Arminfo

Moskvadakı təhlillərdə Paşinyanın Azərbaycan və Türkiyə ilə normallaşma siyasəti də sərt şəkildə tənqid olunur. Kreml yönlü çevrələr bunu “erməni milli maraqlarından güzəşt” kimi qiymətləndirirlər.

“Ереван делает уступки Баку и Анкаре” (“İrəvan Bakı və Ankaraya güzəştlər edir”)Kommersant

Paşinyana təhqir, Karapetyana tərif

Rus mətbuatında dəstəklənən isimlərin başında iş adamı Samvel Karapetyan gəlir. Xüsusilə Kremlə yaxın çevrələr Karapetyanı “güclü dövlət”, “Rusiya ilə strateji ittifaq” və “iqtisadi sabitlik” şüarları ilə ön plana çıxarırlar. “Kommersant”-ın təhlilində Karapetyanın Paşinyana qarşı açıq siyasi mobilizasiya çağırışı etdiyi bildirilir.

“Армения движется к геополитической катастрофе” (“Ermənistan geosiyasi fəlakətə sürüklənir”)Kommersant

Koçaryan “təcrübəli böhran idarəçisi”dir?

Keçmiş prezident Robert Koçaryan çevrəsi də rus mediasında yenidən legitimləşdirilir. Bir çox rusdilli təhlildə Koçaryan “təcrübəli böhran idarəçisi” kimi təqdim olunarkən, Paşinyan haqqında “təhlükəli eksperiment aparan lider” fikri irəli sürülür.

“Кочарян выглядит более предсказуемым партнером для Москвы” (“Koçaryan Moskva üçün daha proqnozlaşdırılan tərəfdaş kimi görünür”)The Moscow Times (Rus)

“Milli kimliyə qarşı duran lider” görüntüsü yaradılır

Rus mediasında diqqət çəkən başqa bir mövzu isə kilsə böhranıdır. Erməni Apostol Kilsəsi ilə Paşinyan arasındakı gərginlik Kremlə yaxın yayımlarda xüsusilə şişirdilir.

“Пашинян вступил в конфликт с армянской церковью” (“Paşinyan erməni kilsəsi ilə qarşıdurmaya girib”)Novaya Gazeta Europe

Bu xəbərlərdə Paşinyan yalnız siyasi lider kimi deyil, “milli kimliyə qarşı duran siyasətçi” obrazında təqdim olunmağa çalışılır. İqtisadi təzyiq mesajları da açıq şəkildə media üzərindən verilir. “Reuters”-in təhlilində Moskvanın Ermənistana ucuz qaz, ticarət və əmək miqrasiyası vasitəsilə təzyiq göstərdiyi bildirilir.

“Россия напоминает Еревану о цене разрыва” (“Rusiya İrəvana ayrılığın bədəlini xatırladır”)Reuters

Rus mətbuatında seçkilərlə bağlı ümumi mənzərə:

  • Paşinyan Qərbin Cənubi Qafqaz layihəsinin bir hissəsi kimi göstərilir.

  • Qarabağ məğlubiyyətinin bütün siyasi məsuliyyəti onun üzərinə yüklənir.

  • Rusiyayönlü müxalifət “dövləti xilas edəcək güc” kimi təqdim olunur.

  • Seçkilər adi demokratik yarış deyil, “sivilizasiya seçimi” kimi göstərilir.

Lakin həmin yayımların bir qismində Paşinyanın hələ də cəmiyyətin ən güclü siyasi fiquru olduğu etiraf edilir. Məhz buna görə Kremlə yaxın media son həftələrdə təbliğatın tonunu daha da sərtləşdirib.

Qısası, seçkilər artıq Ermənistan sərhədlərini aşmış vəziyyətdədir və Paşinyan hər nə qədər Rusiya ilə münasibətlərin pozulmayacağını desə də, Kreml buna inanmır. Buna görə də hücuma keçir və erməni xalqından qarşılıq görmədikcə daha da aqressivləşir. Bu aqressiya rus mediasının səhifələrində də açıq şəkildə hiss olunur. Lakin bu təbliğatın nəticə verib-verməyəcəyi yaxın günlərdə məlum olacaq.

 Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05