Rusiyanın əsirlərə işgəncə verdiyi hesabatla təsdiq edildi - DƏHŞƏTLİ RƏQƏMLƏR
“Rusiyada 2024-ci illərdə işgəncə halları geniş və sistematik xarakter daşıyıb”.
Yenicag.az xəbər verir ki, bunu BMT-nin Rusiyada insan haqları üzrə xüsusi məruzəçisi Mariana Katzarova deyib.
O, Rusiya hakimiyyətinin Ukraynadakı müharibəyə qarşı çıxanları susdurmaq üçün repressiyaları gücləndirməsi barədə hesabat hazırlayıb.
M. Katzarovanın sözlərinə görə, mülki şəxslərə, jurnalistlərə və hətta ukraynalı hərbi əsirlərə qarşı cinayət təqibləri, uzunmüddətli həbslər, işgəncə və pis rəftar genişlənib.
“Bu repressiyalar Rusiya Prezidenti Vladimir Putinin göstərişləri ilə sistemli şəkildə həyata keçirilir. 2024-cü ilin ortalarından etibarən təqiblərin sayı əhəmiyyətli dərəcədə artıb. Bir il ərzində dinc etiraz və müxalif fəaliyyətə görə ən azı 3 905 nəfər inzibati və ya cinayət ittihamı ilə məhkum edilib.
Eyni zamanda, 14–17 yaş arası 150-dən çox uşaq federal “ekstremistlər” və “terrorçular” siyahısına salınıb, bəziləri isə dövlətə xəyanətdə ittiham olunaraq işgəncələrə məruz qalıb. 2025-ci ilin iyul ayına qədər ümumilikdə 1 040 şəxs və təşkilat, o cümlədən təxminən dörddə biri jurnalistlər, “xarici agent” kimi qeydiyyata alınıb.
2024-ci illərdə işgəncə halları geniş və sistematik xarakter daşıyıb. Yalnız Rusiya vətəndaşlarına deyil, həm də Ukraynanın mülki və hərbi əsirlərinə qarşı zorakılıqlar sənədləşdirilib. Bu dövrdə hüquq-mühafizə orqanlarının və həbsxana rəhbərliyinin göstərişləri ilə həyata keçirilən ən azı 258 işgəncə faktı qeydə alınıb”, – deyə hesabatda qeyd olunub.
Həmçinin Katzarova misal olaraq rus qoşunları tərəfindən əsir götürülən bir ukraynalının elektrik cərəyanı ilə işgəncəyə məruz qalmasını, daha sonra isə əməliyyat zamanı qarnında “Qələbə! Rusiyaya şöhrət” yazısı ilə yanıq izi qoyulduğunu bildirib.
Nəsimi Ələsgərli