!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Sağdan sola "sıçrayan" MCP-nin sədri: "Bilirsiniz, indi necə rahatam?" - MÜSAHİBƏ

!Reklam – Yazi

Milli Cəbhə Partiyası (MCP) ideoloji xəttinin sosial-demokratiya olduğunu açıqlayıb.

Yenicag.az MCP-nin ideoloji xəttini dəyişməsi və bundan irəli gələn digər məslələrlə bağlı partiya sədri Razi Nurullayevdən müsahibə alıb.

Müsahibəni təqdim edirik:

– Razi bəy, əvvəllər həmişə sağ cinahda olmusunuz, indi sol cinaha keçdiniz. Bu nə ilə əlaqədardır?

– Bu gün Azərbaycanda kimin sağda, kimin solda dayanması bəlli deyil. Azərbaycanda partiyaların ideologiyası yox dərəcəsindədir.

– Bu məsələyə həmişə tənqidi yanaşılıb.

– Bəli. Bu həmişə partiyaların inkişafına maneçilik törədib. Misal üçün, Müsavat Partiyası liberal ideologiyanı seçib, beynəlxalq təşkilata üzv olub. Müsavat Partiyası nə dərəcədə liberal ola bilər? Müsavatda cəbhəçi də, millətçi də, sosial demokrat da, kommunist də var. Əslində, bütün partiyalar belədir. Buna görə də partiyalar özündə cəsarət tapıb ideologiyasını müəyyənləşdirə bilmirdi. Hamı o düşüncədə idi ki, “hərşeyşünas” olsun, hamı gəlib ona qoşulsun.

Mən özüm sağda olmamışam. Partiya özü sağ olub, sol olub, mərkəzdə olub, heç onu bilməmişəm. İdeologiya yox idi.

Çıxışlarımdan da görürsünüz ki, sosial-demokratam, solçuyam. Partiyamızda olan insanların da əksəriyyəti bu düşüncədədir. Bunu müzakirə etdik və qərara gəldik ki, biz sosial-demokrat ideyalarının daşıyıcılarıyıq. Ona görə də bu cəsarətli qərarı verdik. Bundan sonra partiyamız sosial-demokratiya ideologiyası ilə addımlamağı özünə borc bilir. Mən də rahat olmuşam, üzvlər də rahat olub. Bilirsiniz, necə rahatam? Azərbaycanda bir ilkə imza atdıq. Gələn zənglərdən, insanların reaksiyasından görürəm, şok yaşayırlar ki, bu necə oldu. Gözlənilməyən bir məsələ idi.

– Ölkəmizdə Azərbaycan Sosial-Demokrat Partiyası var. Bu partiyanı çıxmaq şərti ilə Azərbaycanda, demək olar, sol cinah yox idi. Sol cinahı necə təmsil edəcəksiniz?

– Sosial-Demokrat Partiyası var. Onun sədri rəhmətə gedib, Allah rəhmət eləsin. Bu o demək deyil ki, ölkədə bir ideologiya üzrə partiya varsa, ikinci partiya ola bilməz. Onlarla yarışa girmək niyyətim yoxdur, ağlıma da gəlmir. Biz – sosial-demokrat yönünü tutan milli cəbhəçilər bu ideologiyanı daha dərindən mənimsəməklə məşğuluq. Bu sahədə mütəmadi yazılarımız, çıxışlarımız olacaq. Biz bu məsələni daha savadlı şəkildə etməyi düşünürük. Bizim düşncədə olan insanları partiyaya cəlb etmək istəyirik. İstəyirəm ki, insanları sosial-demokrat ideologiyası ətrafında partiyaya gətirək. İnsanlar şəxslərə görə yox, ideologiyaya görə partiyaya gəlməlidirlər. Bununla bağlı xeyli işlər görülür.

Hesab edirəm ki, Azərbaycanda bu boşluğu dolduracağıq. Azərbaycanda sözünü deyən bir partiyaya çevriləcəyik.

– Yəqin ki, Sosialist İnternasional Beynəlxalq Təşkilatına (“Sosintern”) üzv olmaq üçün müraciət edəcəksiniz.

– Təbii ki, “Sosintern”ə müraciət edəcəyik. Artıq araşdırmaya başlamışıq. Avropa ölkələrinin xeylisində sosial-demokratlar hakimiyyətdədir. Hakimiyyətdə olmayan sosial-demokratlar isə əsas müxalifət partiyasıdır.

– Avropada sosial problemlər özünü qabarıq şəkildə biruzə verən zaman sosial-demokratlar hakimiyyətə gəlirlər.

– Doğrudur. Partiyalar oturaqlı, insanların rəğbəti olan bir quruma çevrilməlidir. Bunun üçün də bu məsələdə daha israrlıyıq. Hazırda Azərbaycanın vəziyyəti elədir ki, insanların özü bilmədən sosial-demokratdırlar. Partiya sədrlərinin çıxışlarını xaricdən analiz etsələr, elə bilərlər ki, Azərbaycandakı partiyaların hamısı sosial-demokratdır. Onlar bilmədən bunu edirlər.

Azərbaycanda böyük bir boşluq gördüm. Digər partiya sədrləri çıxışları ilə bizim partiyaya kömək etmiş olacaqlar. Mövcud olan ASDP sosial-demokratiyanı inkişaf etdirə bilmədi. Onlar bununla məşğul ola bilmədilər. Onlar daha çox sosialist kimi özlərini göstərdilər.

– Azərbaycanda iqtidar partiyası ilə ona ən radikal mövqedəki müxalifət partiyasının ideoloji xətti, demək olar, eynidir. Türkiyədə solçu deyəndə ağla bir partiya gəlir, sağçı deyəndə başqa biri. Ancaq Azərbaycanda biz bunu görmürük. Elə edə biləcəksinizmi ki, solçu deyəndə ağla partiyanız və siz gələsiniz?

– Hesab edirəm ki, bunun üçün xeyli işləməli olacağıq. İnsanları, cəmiyyəti, siyasətçiləri, jurnalistləri inandırmaq üçün xeyli əmək sərf etməliyik.

Söhbətləşdi: Səxavət Məmməd

www.yenicag.az

2116
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv