Samvel Karapetyan siyasətə QAYIDIR: Paşinyana qarşı əks-cəbhə FORMALAŞIR
Ermənistanın iş adamı və Rusiyada yaşayan xeyriyyəçi Samvel Karapetyan həbsdə olmasına baxmayaraq, 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətini bəyan edib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Joxovurd” qəzetinin hökumətə yaxın mənbələri yayıb. Bildirilir ki, hazırda İrəvandakı “Kentron” istintaq təcridxanasında saxlanılan Karapetyan öz siyasi komandasını formalaşdırmağa başlayıb.
Məlumata görə, Karapetyan sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla birləşmədən, müstəqil şəkildə seçkilərə qatılmaq qərarı verib. Onun əsas məqsədi müxtəlif sahələr üzrə peşəkar şəxslərdən ibarət, sistemli islahatlara qadir bir komanda qurmaqdır.
Karapetyan bildirib ki, onun komandası cəmiyyətin parçalanmasında tərəf olmayacaq. Hətta o, hazırkı hakimiyyətin daxilində də peşəkar şəxslərin olduğunu və bu şəxslərin ölkəyə xidmətlərini davam etdirməli olduqlarını vurğulayıb. Siyasi şərhçilər bu mövqeni qütbləşmiş cəmiyyətdə “sağlam mesaj” kimi dəyərləndirirlər.
Lakin yayılan məlumatlara görə, Karapetyanın siyasi planında müəyyən riskli elementlər də var. Onun seçkilərə qədər şəxsi media platforması qurmağı planlaşdırdığı iddia olunur. Ekspertlər bu addımı yüksək maliyyə xərclərinə baxmayaraq, uzunmüddətli səmərəsi olmayan təşəbbüs kimi dəyərləndirirlər.
Hər halda, həm Ermənistan, həm də Rusiya vətəndaşı olan Samvel Karapetyan artıq “siyasi oyuna daxil olduğunu” elan edib. Onun komandasına kimin liderlik edəcəyi isə hələlik müzakirə mərhələsindədir.
Rafi Müslümov