Monteneqroda Abay Mərkəzinin açılış mərasimi keçirildi
Monteneqronun paytaxtı Podqoritsadakı Milli Kitabxanada böyük qazax şairi, filosof və maarifçi Abay Kunanbayevin 180 illiyinə həsr olunmuş Abay Mərkəzinin açılış mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, mərkəz Qazaxıstanla Monteneqro arasında mədəni və humanitar əməkdaşlığın rəmzinə çevrilərək, təhsil və yaradıcı təşəbbüslər üçün yeni dialoq platforması olacaq.
Tədbir Qazaxıstanın Monteneqrodakı Baş Konsulluğunun təşkilatçılığı, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi, Milli Akademik Kitabxana, UNESCO nəzdindəki Mədəniyyətlərin Yaxınlaşdırılması üzrə Beynəlxalq Mərkəz və “Mədəniyyətlərin Əlaqəsi Mərkəzi”nin dəstəyi ilə baş tutub.
Açılışda Monteneqronun Baş nazirin müavini Budimir Aleksiç, Podqoritsa merinin müavini Boris Spaleviç, Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasıyev, dövlət qurumlarının nümayəndələri, diplomatik korpus, ictimaiyyət və media təmsilçiləri, eləcə də mədəniyyət və elm xadimləri iştirak ediblər.
Mərkəzdə Abay Kunanbayevin müxtəlif dillərdə nəşr olunmuş əsərləri, onun həyatı və irsinə dair audio-videomateriallar, qazax mədəniyyəti və incəsənət nümunələri, ölkənin abidələri və təbii gözəlliklərini əks etdirən fotoşəkillər nümayiş olunub. Ən çox maraq doğuran eksponatlardan biri isə Abaya məxsus üç simli dombra olub – bu alət onun musiqi, poeziya və fəlsəfi irsinin rəmzi hesab olunur.
Mərkəz yerli ictimaiyyətin və qazax diasporasının böyük marağına səbəb olub. Gələcəkdə bu mədəniyyət ocağının qazax mədəniyyətinin Avropada tanıdılmasına və Qazaxıstan-Monteneqro əlaqələrinin möhkəmlənməsinə töhfə verməsi gözlənilir.