Trampın sanksiya istəyi NƏ DEMƏKDİR? – “Bu səlahiyyətə malik olsaydı...”
“Tramp bu səlahiyyətə malik olsaydı, daha effektiv qərarlar qəbul edə bilərdi”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalarla bağlı şəxsən qərar vermək istəyinin əsas məqsədini şərh edib.
Politoloq bildirib ki, belə çıxışlar Tramp üçün ilk deyil:
“Rusiyaya birbaşa sanksiya tətbiq etmək istəməsi ilk növbədə onun güclü biznesmen olması və bu sahədə qarşı tərəfə nə qədər zərər verə biləcəyini yaxşı hesablaması ilə bağlıdır. Tramp maliyyə sahəsində, biznes dairələrində, o cümlədən dövlət iqtisadiyyat məsələlərində kifayət qədər təcrübəli və bilgili insandır. Belə olan təqdirdə rəqiblərinə hansı istiqamətlərdən sanksiyalar tətbiq etməyin daha real nəticələr doğura biləcəyini düşünür. Buna görə də daha düzgün qərar verə biləcəyini fikirləşir”.
“Lakin bir məsələ var. ABŞ-də iqtisadi sanksiyalar fərdi qərarlarla verilmir. Yəni Amerika şəxsi idarə olunan dövlət deyil. Burada güc mərkəzləri, Konqres və Senat var. Həmin qurumlar məsələləri özləri müəyyənləşdirirlər və qərarlar da onların təsdiqindən sonra qüvvəyə minir. Düzdür, əgər Tramp bu səlahiyyətə malik olsaydı, daha effektiv qərarlar qəbul edə bilərdi”, – deyə o, əlavə edib.
Müsahibimiz onu da vurğulayıb ki, belə bir səlahiyyətin verilməsi gələcəkdə digər məsələlərdə də prezidentin əlavə səlahiyyətlər istəməsinə gətirib çıxara bilər:
“Yəni Tramp başqa sahələrdə də özünə səlahiyyət verilməsini tələb edə bilər. Tramp deyir ki, qərar vermə səlahiyyətini mənə buraxın, lakin bu, ABŞ-nin siyasi quruluşu çərçivəsində nə dərəcədə mümkündür? Suallar yaradır, eyni zamanda inandırıcı da görünmür”.
Nəsimi Ələsgərli