Ukraynada daxili narazılıqlar ARTDI – Zelenskinin hakimiyyəti LAXLAYIR?
“Zelenski Ukraynanın müqavimət simvolu olaraq qəbul edilir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.
Müsahibimiz son günlər Ukraynada Zelenski əleyhinə hakim dairənin özündə və müxalifətdə etiraz bəyanatları səsləndirilməsi və hadisələrin gedişatı haqqında danışıb.
Onun sözlərinə görə, Ukraynada prezident Volodimir Zelenskinin son dövrlərdə həyata keçirdiyi struktur islahatlar və korrupsiyaya qarşı sərt addımlar ölkə daxilində ciddi rezonansa səbəb olub:
“Xüsusilə yüksək rütbəli məmurların vəzifədən uzaqlaşdırılması, oliqarx təsirlərinə qarşı mübarizə və idarəetmədə şəffaflığın artırılması istiqamətində qəbul olunan qərarlar bir tərəfdən ictimai dəstəyi möhkəmləndirsə də, digər tərəfdən siyasi elita daxilində narazılıqlara yol açıb. Hazırkı şəraitdə bu narazılıqlar açıq etiraz dalğasına çevrilməkdədir. Bəzi dairələr Zelenskinin fövqəladə səlahiyyətlərindən sui-istifadə etdiyini, siyasi rəqiblərə qarşı repressiv yanaşmalar sərgilədiyini iddia edir. Xüsusilə müharibə dövründə güc strukturlarının birbaşa Prezident Aparatına tabe olması, siyasi balansın zəifləməsi və alternativ qüvvələrin zəiflədilməsi bu narahatlıqları artırır”.
Z. Qarayeva Ukraynada hələ də Zelenskinin güclü dəstəkləndiyini qeyd edib:
“Buna baxmayaraq, geniş ictimaiyyət arasında Zelenskinin dəstəyi hələ də yüksəkdir. O, Ukraynanın milli müqavimət simvolu olaraq qəbul edilir və beynəlxalq miqyasda legitim lider kimi tanınır. Lakin müharibənin uzanması, iqtisadi böhranın dərinləşməsi və sosial gərginliyin artması bu dəstəyin sabitliyini sual altına ala bilər. Əgər daxili siyasi parçalanma dərinləşərsə və hazırkı siyasi kurs ictimai gözləntilərlə ziddiyyət təşkil edərsə, Zelenskinin qarşısında real siyasi risklər yarana bilər. Müharibə dövründə təxirə salınmış seçkilər və fövqəladə rejim ona zaman qazandırsa da, postmüharibə dövrü onun hakimiyyəti üçün əsl sınaq ola bilər”.
Sonda politoloq Zelenskinin hakimiyyəti itirmə ehtimalına toxunaraq bildirib:
“Nəticə etibarilə, Zelenskinin hakimiyyətini itirməsi bu gün üçün real olmasa da, daxili elitadakı gərginliklərin artması və ictimai səbir limitinin tükənməsi uzunmüddətli siyasi gələcəyini sual altına ala bilər. Onun mövqeyini qoruyub saxlaması, yalnız hərbi liderliklə deyil, həm də siyasi dialoq və institusional balansı bərpa etmə bacarığından asılı olacaq”.
Nurlan Cəfəri