Arif Babayev Bakıya gətirildi: Səhhəti ağır olaraq qalır - YENİLƏNDİ 2
Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Report”a Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.
Onun sözlərinə görə, atası klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Y. Babayev atasının vəziyyətinin ağır olduğunu və hansısa dəyişiklik olmadığını bildirib.
***19:15
Səhhəti ağırlaşdığına görə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq artisti Arif Babayev Bakıya yola salınıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Teleqraf”a onun yaxınları məlumat verib.
Bildirilib ki, muğam ustası xüsusi ambulansla, təcili yardım həkimlərinin müşayiətilə paytaxta gətirilir.
“Qax Rayon Mərkəzi Xəstəxanasında bir gün qalıb. Lazımi müalicələrə baxmayaraq vəziyyətində irəliləyiş olmayıb. Hazırda səhhəti ağır stabil olaraq qalır. Huşu aydın deyil. Mərkəzi Gömrük Hospitalına aparılır”, – A.Babayevin yaxınları söyləyib.
Xatırladaq ki, may ayında da sənətkarın səhhəti ağırlaşmış və Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi.
Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.
***15:47
23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Yenicag.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub.
Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.
Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır.