“Şəhid ailələri üçün tikilən 23 evə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tikilməkdə olan obyektlərin İdarənin rəisi Natiq Əzizova 69 min manat rüşvət vermişəm”.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində ifadə verən İbrahim İsmayılov deyib.
O, bildirib ki, “Araz İnşaatçı” MMC-nin rəhbəri olub. Onun sözlərinə görə, nazirlik 23 evdən başqa, Şamaxı və İmişlidə də yarımçıq qalmış evlərin tamamlamaq üçün də onlara müraciət edib:
“Tikdiyimiz hər evə görə Natiq Əzizova 3 min manat vermişəm. Yarımçıq qalmış evlərə görə nazirlik 345 min manat ayırmışdı. Biz də o pulu nağd şəkildə çıxarıb Dövlət Əmək Müfəttişliyinin rəisi işləmiş Fuad Əlizadəyə vermişik”.
Prosesdə şahid qismində Elçin Əliyev də ifadə verib. Onun sözlərinə görə, Dövlət Əmək Müfəttişliyinin Ucar regional şöbəsinin rəisi işləyib:
“İl ərzində Ucarda 120 yoxlama aparmışıq. 80 faizində nöqsan aşkarlayaraq cərimələr tətbiq edilib. Yoxlamalardan götürdüyüm pullardan 800 manat pulu Dövlət Əmək Müfəttişliyinin rəis müavini Anar Quliyevə vermişəm. Pulu onun sürücüsü vasitəsilə vermişəm”.
Şahid Cəfər Hacıyev söyləyib ki, 2018-ci ilə qədər 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi işləyib:
“Baş idarədən yoxlamalar üzrə müəyyən qrafik təyin olunurdu. Biz də aidiyyatı üzrə öz ərazimizdə olan müəssisələrdə yoxlamalar aparırdıq. Dövlət Əmək Müfəttişliyinin sektor müdiri Emin Allahverdiyev bizə çox müdaxilə edirdi. İri müəssisələrdə şəxsən özü yoxlamalar aparırdı. Nizami rayonunda iri müəssisələrin yoxlamalarından ay üzrə 20 min manat pul alırdı”.
Şahid Elşad Quliyevin sözlərinə görə, rəhbərlik etdiyi “Kirs 99” MMC tərəfindən şəhid ailələri üçün 2 fərdi ev tikib. Bildirib ki, 2 evə görə Natiq Əzizova ümumilikdə 6 min manat pul verib.
Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.
Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.
www.yenicag.az