!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səlim Müslümovun məhkəməsində şahid: “Tenderlərin nəticəsi əvvəlcədən bəlli idi”

!Reklam – Yazi

“Dövlət büdcəsindən ayrılan pulların necə və hansı qaydada xərclənməsindən xəbəri olmayıb”.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində ifadə verən Bəxtiyar İsgəndərov deyib.

O, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə bildirib ki, nazirliyin tikilməkdə olan obyektlər idarəsini rəisinin müavini işləyib.

Hakim 2014-cü ildə sosial evlərin tikilməsi üçün dövlət büdcəsindən ayrılan 20 milyon manat pulun müqabilində nə iş gördüklərini soruşub. Şahid qeyd edib ki, sosial evlərin tikintisi üçün elan edilən tenderlər formal olaraq həyata keçirilib:

“Bütün bu işlər Səlim Müslümovun tapşırığı ilə nazirliyin tikilməkdə olan obyektlərin idarə rəisi Natiq Əzizov icra edib. Tenderlərin nəticəsi əvvəldən bəlli idi. Ancaq dövlət büdcəsindən ayrılan pullar sosial evlərin tikintisinə xərclənib, amma necə və hansı qaydada xərclənməsindən xəbərim olmayıb.

Digər şahid Mahir Şükürov vurğulayıb ki, 11 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin (Şirvan şəhəri, Salyan və Haciqabul rayonları) rəisi olub, hazırda işsizdir. Qeyd olunub ki, şahid 2014-cü ilin may və oktyabr ayları ərzində Dövlət Əmək Müfəttişliyinin keçmiş rəisi Fuad Əlizadəyə çatdırılması üçün rüşvət qismində sektor müdiri Emil Allahverdiyev vasitəsilə hər ay 4 000 manat olmaqla pul çatdırıb.

Daha bir şahid Vüqar Abdullayev bildirib ki, 2014-2016-cı illər ərzində 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində işləyib. Hazırda isə Dövlət Gömrük Komitəsində mühasib vəzifəsində çalışır.

“Bizim işimiz müəssisələri yoxlamaq olub. Qanun pozuntusuna yol verən müəssisələrə cərimə yazmışıq. Hər ay Emil Allahverdiyev vasitəsilə Səlim Müslümova verməsi üçün Fuad Əlizadəyə 25 000 manat göndərmişəm”, – o qeyd edib.

Digər şahid Mirsəlim Seyidov deyib ki, Bakıda əmək müfəttişi işləyib. O bildirib ki, böyük məbləğlərdə cərimə yazıblar:

“Ümumilikdə 1,5 milyon manat cərimə yazmışıq”.

Hakim onun istintaqa verdiyi ifadəsini elan edib. O, ifadəsində vurğulayıb ki, xırda müəssisələrə cərimə tətbiq olunub:

“Hər ay 20-25 min manat pul yığılıb. Fuad Əlizadə pul yığılması üçün xüsusi komanda yaratmışdı. Yığılan pulların hamısı Fuad Əlizadəyə çatdırılırdı”.

Növbəti proses dekabrın 19-da davam edəcək.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv