Separatçıların məhkəməsində zərərçəkmiş: "Məni məcburi olaraq minalı ərazilərdə gəzdirdilər"

media-hightechnic-468x90

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 2-də davam etdirilib.

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə zərərçəkmiş şəxs İlham Məmmədov ifadə verib. O, 2002-ci il mayın 10-da hərbi xidmətdə olarkən posta gedən zaman Haramı düzündə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü deyib. İ.Məmmədov deyib ki, həmin vaxt silahsız olub. Ermənistan silahlı qüvvələrinin hərbçiləri onu döyüb, işgəncələrə məruz qoyub. Bildirib ki, onu döyən zabitlərdən biri xüsusi qəddarlıq nümayiş etdirib. Zərərçəkmiş həmin zabitin adını sonradan öyrəndiyini, onun adının Levon olduğunu deyib.

Zərərçəkmiş şəxs Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında təqsirləndirilən şəxs Levon Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib və deyib: “O, başıma yumruqla, sonra isə avtomatın qundağı ilə vururdu. Məni səngərin üstünə çıxarıb avtomatla atəş açdı. Həmin vaxt arxam Azərbaycan Ordusunun mövqelərinə tərəf idi. Elə yerdə durmağa məcbur etmişdi ki, bizimkilər bilmədən məni vura bilərdi. Sonra məni məcburi olaraq minalı ərazilərdə gəzdirdilər”.

Zərərçəkmiş şəxs Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin, digər dövlət ittihamçıları Təranə Məmmədovanın və Vüsal Abdullayevin suallarını da cavablandırıb. İ.Məmmədov deyib ki, Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində bir həftə saxlanılıb. Sonra isə Ermənistana göndərilib. 6 ay 15 gün saxlanıldıqdan sonra Azərbaycana təhvil verilib.

Zərərçəkmiş müdafiə tərəfinin suallarına cavabında əsir götürülənə qədər L.Mnatsakanyanı tanımadığını, həmin vaxtkı vəzifəsini bilmədiyini söyləyib. “Ancaq həmin vaxt ona olan münasibətə görə təxmin edirəm ki, vəzifəsi qərargah rəisi idi”, – deyə əlavə edib.

O, Levon Mnatsakanyanın suallarına cavabında 1973-cü ildə anadan olduğunu, əsir götürülən zaman baş leytenant rütbəsində olduğunu bildirib. Zərərçəkmiş deyib: “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərkən zabit rütbəsi verdilər. Orada hərbi kafedra var idi”.

Əlavə edib ki, müddətli hərbi xidmət zamanı əvvəlcə arxa cəbhədə xidmət edib, sonradan ön cəbhədə xidmətə göndərilib. Tərxis olunana yaxın əsir götürülüb.

Təqsirləndirilən şəxs L.Mnatsakanyan 2002-ci ildə belə bir hadisənin baş verdiyini, yəni azərbaycanlı hərbçinin əsir götürüldüyünü təsdiq edib. Həmin hərbçinin istintaqa cəlb olunduğunu, müstəntiqlər tərəfindən dindirildiyini və daha sonra isə aidiyyəti üzrə təhvil verildiyini qeyd edib. Bundan başqa, təqsirləndirilən həmin şəxsin işgəncəyə məruz qalmadığını, ona su və çörək verildiyini iddia edib.

L.Mnatsakanyan dövlət ittihamını müdafiə edən prokurorun suallarına cavabında həmin dövrdə əsir düşmüş azərbaycanlının İ.Məmmədov olub-olmadığını bilmədiyini və onu tanımadığını deyib.

Daha sonra təqsirləndirilən Melikset Paşayanın vəkili məhkəməyə müraciət edərək onlara konfidensial görüş verilməsini xahiş edib. Hakim Zeynal Ağayev fasilədə onlara bunun üçün şərait yaradılacağını deyib.

Ardınca təqsirləndirilən Davit İşxanyan məhkəməyə müraciət edərək ona Azərbaycanda qeydiyyatdan keçmiş beynəlxalq qurumların və media qurumlarının siyahısının təqdim olunmasını xahiş edib. İclasda sədrlik edən bu məsələnin məhkəmənin səlahiyyətinə və fəaliyyətinə aid olmadığını deyib. Bildirib ki, Azərbaycanda beynəlxalq qurumların fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Həmin təşkilatlar leqal şəkildə fəaliyyət göstərir və ölkə qanunvericiliyinə hörmətlə yanaşırlar. Hüquqlarını müdafiə edən vəkil həmin təşkilatların siyahısını ona təqdim edə bilər.

Hakim, həmçinin Davit İşxanyana bildirib ki, ötən iclasların birində nümayiş etdirilən və iş üzrə sübut kimi keçən Ermənistanın müdafiə nazirinin müavini olmuş Manvel Qriqoryanın videomüsahibəsi də təqsirləndirilən şəxslərin planşetlərinə yüklənəcək.

Qeyd edək ki, həmin müsahibə məhkəmədə tədqiq olunduqdan sonra Davit İşxanyan videomaterialın tam şəkildə onların planşetinə yüklənməsini xahiş etmişdi.

Məhkəmə prosesi cinayət işləri üzrə sənədlərin elan olunması ilə davam etdirilib.

Əvvəlcə Ermənistan silahlı qüvvələrinin atəşləri nəticəsində azərbaycanlıların öldürülməsi, yaralanması, o cümlədən mina təxribatları nəticəsində baş vermiş hadisələrlə bağlı sənədlər elan edilib.

Daha sonra 2023-cü il sentyabrın 19-20-də Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilmiş cinayət faktları üzrə sənədlər elan olunub.

Məhkəmədə işğaldan azad edilmiş ərazilərdə mülki şəxslərin mina və digər növ partlayıcı qurğuların partlaması nəticəsində həlak olması və ya xəsarətlər almasına dair hadisələr üzrə sənədlər də elan edilib.

Habelə telejurnalist Mustafayev Çingiz Fuad oğlunun (ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib – red.) öldürülməsi faktı üzrə sənədlər də elan olunub.

Məhkəmə iclasında 1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndində aparılmış hərbi əməliyyat, 1992-ci il aprelin 23-də Qazax-Barxudarlı dəmir yolu xəttində TEM-2-7065 nömrəli teplovoza hücum edilməsi, 1991-ci il sentyabrın 9-da Barxudarlı dəmir yolu stansiyasının atəşə tutulması və digər faktlar üzrə sənədlər elan edilib.

Bundan başqa, Vətən müharibəsi zamanı Tərtər rayonunun atəşə tutulması, “TərtərPambıq” ASC-yə xüsusilə külli miqdarda zərər vurulması, Vətən müharibəsi zamanı Füzuli, Beyləqan, Goranboy, Bərdə, Ağdam, Ağcabədi, Cəbrayıl rayonlarının (Cocuq Mərcanlı kəndinin – red.), Naftalan şəhərinin atəşə tutulması faktları ilə bağlı sənədlər elan olunub.

Məhkəmədə Vətən müharibəsi zamanı Yevlax rayonu və Goranboy rayonunun Goran kəndi istiqamətdə raket atılması, Mingəçevir şəhərinin atəşə tutulması, 2020-ci il oktyabrın 22-də Siyəzən, Kürdəmir və Qəbələ rayonları istiqamətlərində raketlər atılması faktları ilə bağlı sənədlər də elan edilib.

Elan edilən növbəti sənədlər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə törədilmiş dağıntılar, fərdi yaşayış evlərinə, qeyri-yaşayış obyektlərinə, mədəni irsə ziyan vurulması faktları ilə bağlı olub.

Məhkəmədə Laçın rayonunun meşə fonduna külli miqdarda ziyan vurulması, Laçın rayonu və digər ərazilərdə evlərin məhv edilməsi faktları ilə bağlı sənədlər də elan olunub.

Əhalinin qanunsuz məskunlaşdırılması, Qarabağ ərazisinə silah qaçaqmalçılığının həyata keçirilməsi, fosfor mərmilərindən istifadə edilməsi faktları ilə bağlı sənədlər də elan edilib.

Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiət olunub.

Məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa