"Makron belə bir iradə və gücə sahib deyil...” - POLİTOLOQ
“Əgər Fransa Ermənistanı yolundan döndərməyə çalışsa, istər-istəməz ABŞ-yə qarşı getmək demək olacaq. Makron isə belə bir iradə və gücə sahib deyil”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşirli deyib.
O, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronun Kopenhagendə baş tutan görüşünün əvvəlkilərdən fərqini şərh edib.
Politoloq bildirib ki, Ermənistanın istər Paşinyandan əvvəl, istərsə də sonra vahid mövqeyi olmayıb.
“Azərbaycanın formalaşdırdığı yeni reallıqlar Ermənistanı və onu vaxtilə, eləcə də indi açıq şəkildə dəstəkləyən tərəfləri düşünməyə vadar edib. Yəni sülhün əldə olunması üçün bütün ön şərtləri Azərbaycan öz gücü və iradəsi ilə təmin edib. Bu gün sülh gündəliyinin müəllifi birmənalı olaraq Azərbaycan dövlətidir.
Zəngəzur dəhlizi ilə bağlı məsələyə gəlincə, 8 avqust tarixində Vaşinqtonda imzalanmış razılaşma təsirli amil kimi çıxış edir. Azərbaycanın mövqeyi aydındır, Azərbaycan vətəndaşları Azərbaycanın bir hissəsindən digərinə hər hansı nəzarət və yoxlama olmadan sərbəst hərəkət edə bilməlidir. Ermənistan tərəfi də bunu aydın şəkildə dərk edir.
Bu halda Fransa da bir sıra səbəblərə görə proseslərə mane olmayacaq. Makron çox yaxşı başa düşür ki, bütün reallıqlar Azərbaycanın haqlı və ədalətli mövqeyinə uyğundur. Bu istiqamətdə hər hansı təxribat xarakterli addımların atılması isə Ermənistanın öz mövqeyinə çox mənfi təsir göstərə bilər”.
Politoloqun fikrinə görə, məsələnin digər tərəfi ondan ibarətdir ki, sənəd Vaşinqtonda imzalanıb və “Sülh və rifah naminə Tramp yolu” adı altında təqdim olunub:
“Biz buna Zəngəzur dəhlizi deyirik və düşünürəm ki, tarixə də məhz Zəngəzur dəhlizi kimi düşəcək.
Vaşinqtonda imzalanmış sənəd bu yolun açılmasını şərtləndirir. Əgər Fransa Ermənistanı yolundan döndərməyə çalışsa, istər-istəməz ABŞ-yə qarşı getmək demək olacaq. Makron isə belə bir iradə və gücə sahib deyil”, – deyə o bildirib.
Nəsimi Ələsgərli