“Ümumiyyətlə, ABŞ-nin Əfqanıstana müdaxiləsindən sonra regionda ciddi gərginlik yaranmışdı. Bu müddət ərzində aramsız olaraq terror hücumları baş verir, müxtəlif gərginliklər müşahidə olunurdu. Lakin Birləşmiş Ştatların Əfqanıstanı tərk etməsi və hərbi texnikaların “Taliban”a təhvil verilməsi ciddi suallar doğurdu. “Taliban”ın uzun müddət idarəçi hakimiyyət kimi tanınmasında çətinliklər olsa da, sonradan bir sıra dövlətlər “Taliban” hökumətini tanıdı və onunla əməkdaşlıq qurmağa çalışdı”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Siyasi təhlilçi Cənubi Asiyada – Pakistan və Əfqanıstan sərhədində başlayan hərbi qarşıdurmanın siyasi motivlərini analiz edib.
Xatırladaq ki, rəsmi İslamabadın bilgisinə görə, hava zərbələri sərhədyanı ərazilərdə gizlənən yaraqlıları hədəf götürüb. Cənubi Vəziristan əyalətində keçirilən gecə əməliyyatında 13 yaraqlının məhv edildiyi bildirilir.
Analitik əlavə edib ki. Əfqanıstanın geostrateji baxımdan əhəmiyyəti tarixi fakt olaraq qalır:
“Şərqə bağlantı nöqtəsi və nəqliyyat-kommunikasiya xətləri ilə bu dövlət strateji planda diqqət mərkəzindədir. Bununla yanaşı, “Taliban”ın gələcəyi və ABŞ-nin bu regionla bağlı məqsədləri hələ də sirr olaraq qalmaqdadır. Hazırda Əfqanıstan və Pakistan arasındakı gərginlik, eləcə də Pakistanın Əfqanıstan ərazisinə endirdiyi zərbələr bölgədə təhlükəsizlik risklərini daha da artırır. Regiondakı mübahisəli məsələlər – Pakistan və Hindistan, Hindistan və Çin, Tayvan və Çin, Yaponiya və Rusiya arasındakı gərginliklər – ümumi təhlükəsizlik mənzərəsini daha da mürəkkəbləşdirir. Bundan əlavə, Mərkəzi Asiya dövlətlərində, eləcə də Çinin, Türkiyənin və Rusiyanın maraqlarının bu geniş coğrafiyada kəsişməsi müşahidə olunur”.
“Bu səbəbdən, gərginliyi azaltmaq və təhlükəsizlik risklərini aradan qaldırmaq böyük əhəmiyyət kəsb edir. Əks halda, bölgə daha ciddi bir böhran vəziyyətinə sürüklənə bilər. Pakistan məsələsinə gəldikdə, hər bir dövlət kimi, Pakistan da öz təhlükəsizliyini təmin etməkdə maraqlıdır. Ölkə yalnız öz sərhədlərində deyil, onun hüdudlarından kənarda da təhlükəsizlik zonaları yaratmağa çalışır. Bu, beynəlxalq miqyasda geniş yayılmış bir praktikadır və bu istiqamətdə Pakistanın öz təhlükəsizliyini təmin etmək üçün atdığı addımlar da bu kontekstdə dəyərləndirilməlidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az