Ermənistan ordusunun Azərbaycan mövqelərini atəşə tutması o qədər də təəccüblü hal sayılmamalıdır. Ermənistanla Azərbaycan arasında qısa zamanda sülh müqaviləsinin imzalanacağını da gözləmirəm. Hətta ilkin sənəd imzalansa belə, bu daimi, əbədi olmayacaq. Bunun çox sadə səbəbi var: dünyada bütün münaqişə ocaqlarının alovlandığı bir zamanda böyük dövlətlərin marağı olan Cənubi Qafqaza sülh gələ bilməz.
Ermənistanın silahlanması məsələsi çox müzakirə olunur. Buna bir qədər də fərqli baxmaqda fayda var: Ermənistan nə qədər ki, de-yure müstəqildir, həmişə silahlandırılacaq, hərbi cəhətdən gücləndiriləcək, katalizator kimi istifadəyə hazır saxlanılacaq. Ermənistanın Rusiya ilə bir metr belə sərhədi olsaydı, Ermənistan bu qədər əhəmiyyətli olmazdı. Ona görə də Rusiya SSRİ dağılandan sonra Azərbaycan və Gürcüstandan hərbi bazalarının çıxarılmasına razı olsa da, Ermənistanla bağlı bu addımı atmadı. Ermənistan kiçik dövlət olsa da, İran, Türkiyə, Azərbaycan və Gürcüstanla həmsərhəddir. Bu da Ermənistanı həm Rusiya, həm də Qərb üçün əhəmiyyətli edir. Qərb də Ermənistanda hərbi baxımdan güclənmək istəyir. Biz bu cümləni “Ermənistan silahlandırılır” kimi tərcümə edirik, ancaq reallıq odur ki, hərbi baxımdan İrəvanın gücləndirilməsi ona yardım edənlərin maraqlarına görədir.
Məsələn, Gürcüstanın hərbi cəhətdən gücləndirilməsi heç kimə maraqlı deyil. Gürcüstana hərbi baxımdan yatırım edilməsi də region üçün heç nə vəd etmir. Ancaq Ermənistanın hərbi baxımdan gücləndirlməsi region üçün çox şey deyir. Ermənistanın bu cür coğrafi mövqedə yerləşməsi onu deməyə əsas verir ki, rəsmi İrəvan heç vaxt de-fakto müstəqil ola bilməyəcək. Rusiya hərbi bazalarının Ermənistandan çıxması ilə Ermənistanda Qərb hərbi bazalarının yerləşməsi bir olacaq. Bu, təkcə Azərbaycan üçün də deyil, burada İran və Türkiyə fakorunu da unutmamalıyıq. Gürcüstan və Azərbaycanın müəyyən mənada müstəqil siyasət yürütməsinə göz yumula bilər, ancaq Ermənistanın belə bir şansı yoxdur, olmayacaq da.
Qayıdaq, Ermənistan ordusunun atəşkəsi pozmasına: birmənalı olaraq, atəşkəsin pozulmasını “Rusiya və yaxud Qərb etdi” deyə bilmərik. Hər ikisinin əlinin olduğunu deyib, onlarla səbəblər də sadalaya bilərik. Hamısı da ağlabatan olacaq, çünki Ermənistan məhz bunun üçün var.
Ermənistanda Rusiyanın hərbi bazaları var, bundan əlavə, Ermənistan Müdafiə Nazirliyində həm Fransanın, həm də ABŞ-nin nümayəndəsi mövcuddur. Ermənistandakı ordu ilə əməkdaşlıq edən silahlı təşkilatlar həm Rusiya ilə əməkdaşlıq edir, həm də Qərbdəki erməni lobbisindən maliyyələşir. Deyə bilərik ki, Azərbaycan təyyarəsinin vurulması prosesindən sonra rəsmi Bakının Rusiyaya qarşı sərt ritorikasına görə Rusiya Azərbaycana sərhəddən mesaj verir ki, “hələ münaqişə bitməyib, hər an başlada bilərəm”. Azərbaycanın ABŞ və Fransanı açıq şəkildə tənqid etməsinə cavab olaraq da atəşkəsin pozulması təşkil edilə bilər ki, “çox dərinə getməyin, proses yekunlaşmayıb” mesajını ötürə bilərlər. Hər iki variantı da müdafiə edib, haqlı görünmək olar. Bunun üzərində baş sındırmaqdansa, Ermənistanın mahiyyətini anlamaq dağa doğru olar.
Regionda gərginlik qətiyyən səngiməyib. Əksinə daha çox artıb. Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi, Suriyada baş verən proseslər bunu arxa plana atıb. Azərbaycan Gürcüstandan fərqli olaraq hərbi gücünü nəinki eyni səviyyədə saxlamağa, hətta artırmağa məcburdur. Çünki Gürcüstan Qərblə Rusiya üçün siyasi, Ermənistan hərbi, Azərbaycan isə iqtisadi mübarizə mərkəzidir. Buna görə də ermənilərlə gürcülər daha çox milli və siyasiləşmiş toplumlardır. Azərbaycanla bağlı isə bunu deyə bilmərik. Əslində, bu mövzunun özü geniş bir yazının mövzusudur.
Bəzən deyirlər ki, Azərbaycan niyə görə Ermənistana qarşı bu qədər təzyiq edir, şərtlər qoyur, axı razılaşıb, münasibətləri normallaşdırmaq olar? Əminliklə deyə bilərəm ki, Azərbaycan qolunu verdiyi anda boynunu aparacaqlar.
www.yenicag.az