“Ümumiyyətlə, Azərbaycanda əvvəldən mülki şəxslərin odlu silah əldə etməsi ilə bağlı mövcud qanunvericilik bazası mövcud idi. Sadəcə olaraq, burada müəyyən dəyişikliklər və sadələşdirmələr edilərək yaş həddi aşağı salındı”.
Bu sözləri Yenicag.az-a açıqlamasında hüquqşünas Ruslan Mustafayev deyib.
Mütəxəssis Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Xidməti və mülki silah haqqında” qanuna təklif edilən dəyişiklikdə iyirmi bir yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququnun verilməsi məsələsinə münasibət bildirib.
R. Mustafayev isə düşünür ki, bu qərarın verilməsində ciddi araşdırmalar aparılıb:
“Dünyada, ümumiyyətlə, bütün ölkələrdə odlu silahın əldə edilməsi, saxlanması və istifadə qaydalarına dair çox ciddi tələblər mövcuddur. Azərbaycanda da bu qaydalar mövcuddur və qanunvericilik baxımından bu tələblər yerinə yetirilir. Böyük ehtimalla, burada uzun müddət aparılmış araşdırmaların nəticəsində belə bir qərar verilmişdir. Eləcə də müəyyən edilib ki, odlu silahla törədilən cinayətlərin 90 faizi qanuni yolla əldə edilməyən silahlarla bağlıdır. Qanuni yolla əldə edilmiş silahların cinayət məqsədilə istifadəsi isə çox az hallarda baş verir. Bu statistikalar da göstərir ki, 21 yaş həddinin müəyyən edilməsi heç də problemli bir məsələ deyil”.
“Bütün dünyada olduğu kimi, bizdə də 18 yaşından etibarən şəxs yetkinlik yaşına çatmış sayılır və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Lakin burada psixoloji amillər də mövcuddur. 21 yaşa qədər olan şəxslərin daha stabil psixoloji vəziyyətə malik olduqları nəzərə alınaraq, bu yaş həddinin seçilməsi düzgün bir qərar hesab olunur. Qanunvericilikdəki bu dəyişiklik də bu tələblərə uyğun olaraq həyata keçirilmişdir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az