Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 579 milyon manat təşkil edib.
Yenicag.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 % və yaxud 283,2 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,3 % artaraq 1 milyard 718,5 milyon manat olub.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 10,7 % artaraq 91,9 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,9 % artaraq 70,3 milyon manata çatıb.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 11,2 % artaraq 448,6 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 % artaraq 316,5 milyon manat təşkil edib.