“Vətəndaş yeni binada məskunlaşmaq istəmirsə, müvafiq ərazi üzrə bazar dəyəri əsas götürülərək onlara müəyyən edilmiş məbləğdə pul veriləcək”.
Bu sözləri Bakıda köhnə, istifadəyə yararsız bina və həyət evlərinin sökülməsi zamanı vətəndaşlara kompensasiya verilməsi qaydalarını şərh edən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Yenicag.az-a açıqlamasında deyib.
O, vətəndaşların əvvəlki evlərinə nisbətən daha geniş həcmli mənzillərlə təmin olunacağını bildirib:
“Vətəndaşların mənzilləri dövlət tərəfindən alınarkən onlara bazar dəyəri əsasında ödəniş edilir. Yəni mənzil sahəsi nə qədərdirsə, vətəndaşa həmin evin həcmi ilə yanaşı, ölkə başçısının fərmanına uyğun olaraq 20% dəyərində kompensasiya ödənilir. Məsələn, köhnə binada 50 kvadrat metrlik iki otaqlı mənziliniz varsa, yeni tikilən binada sizə təqribən 60-65 kvadratlıq mənzil veriləcək. Bu proses layihəyə uyğun şəkildə icra ediləcək”.
Vətəndaşlara yeni tikilən binalarda yaşamaq məcburiyyəti qoyulmayacağından danışan ekspert bu prosesin könüllü şəkildə həyata keçiriləcəyini söyləyib:
“Yeni mənzillərdə yaşamaq istəməyən vətəndaşlara məcburiyyət qoyulmayacaq. Yəni əgər vətəndaş yeni binada məskunlaşmaq istəmirsə, müvafiq ərazi üzrə bazar dəyəri əsas götürülərək onlara müəyyən edilmiş məbləğdə pul veriləcək. Bu halda da 20%-lik kompensasiya ödənişi nəzərə alınacaq. Kütəvi şəkildə evlərin söküntü prosesi gedərsə, mənzil bazarında kirayə qiymətləri artacaq. Çünki kirayə bazarında mənzil sayı məhdudlaşa və onlara olan tələb çoxala bilər”.
Sadiq Cavadov