Azərbaycandan kənardakı “söyüş müxalifəti” növbəti fiaskosunu yaşayıb.
Bir neçə ay əvvəl ortaya atdıqları və davamlı şəkildə müzakirə etdikləri “xalq parlamenti” layihəsi özlərinin dediyi kimi “ölü doğulub”. Baxmayaraq ki, bu “parlamentin” formalaşmasına ciddi hazırlıq gedirdi. Xarici emissarlardan maliyyə dəstəyi alan ayrı-ayrı qruplar və şəxslər bir araya gələrək “müxalifət”in siyasi birliyini yaratmaq istəyirdilər. Lakin hər bir qrupun və şəxsin fərdi ambisiyası və korporativ maraqları planı iflasa uğratdı.
Bu başqa cür ola da bilməzdi…
11 yanvarda onlayn toplantı keçirən, bir-birlərini tərif edən “söyüş müxalifəti” cəmi bir gün sonra bir-birlərini çox sərt şəkildə ittiham etdilər. Hətta bir-birlərini küçə söyüşləri ilə təhqir etməkdən belə çəkinmədilər.
Bu dəstənin önündə Tural Sadıqlı, Qurban Məmmədov, Abid Qafarov və digərləri var idi. Tural Sadıqlının iddiasına görə, “xalq parlamenti” ideyası ona məxsusdur. Bu ideyanı reallaşdırmaq üçün Tural Sadıqlı “söyüş müxalifəti”nin bütün üzvləri ilə fərdi qaydada danışıq aparıb, onların razılığını alıb. Nəhayət, yanvarın 11-də sosial şəbəkə üzərindən bir qrup adamın iştirakı ilə toplantı keçirilib.
Təbii ki, bu platformanı yaratmaqda Tural Sadıqlının hədəfi o olmuşdu ki, öz gücünə güc qatsın və “söyüş müxalifəti”nin vahid lideri olsun.
Amma bu plan beşikdəcə boğuldu
Belə ki, “parlament”ə üzvlər seçərkən nəticələr Tural Sadıqlını razı salmayıb. Buna görə də o, etiraz edərək, “səsvermə”nin saxtalaşdırıldığını iddia edib. Elə bu zaman söz savaşı başlayıb və Qurban Məmmədov Tural Sadıqlının özünü saxtakarlıqda ittiham edib.
Yəni iclasın əvvəlində bir-birinə hörmətdən dəm vuranlar bir neçə saat sonra əsl silahları olan söyüşləri işə saldılar.
Əsas təhqirlər isə bir gün sonra başladı…
“Seçki”nin ertəsi gün canlı yayım açan Tural Sadıqlı əsəbi şəkildə bəyan etdi ki, bu “parlament” ölü doğulan uşaqdır. Qurban Məmmədovun, Abid Qafarovun və digərlərinin qruplaşmaları hesabına onun “balasını” əlindən alıblar.
Tural Sadıqlı həmin canlı yayımda Abid Qafarovu saxtakarlıqda ittiham edib.
“Abid Qafarov özünün bütün qohum-əqrəbasını və hətta xəstə tanışlarını “parlamentə” üzv edib. Nəticədə də o qalib olub”, deyə Sadıqlı bildirib.
Tural Sadıqlı Qurban Məmmədovu da hədəf alıb. O, Q.Məmmədovun şübhəli keçmişi olduğunu bildirib və təhqiramiz ifadələr səsləndirməkdən çəkinməyib.
İntihar çağırışı
Tural Sadıqlı dəfələrlə Abid Qafarova “seçki”lərlə bağlı xəbərdarlıq etdiyini bildirib:
“Abid Qafarov hər dəfə mənə deyirdi ki, “saxtakarlıq etsəm, boğazıma ip salıb özümü boğaram”.
Amma özünü sədr seçdirən Abid Qafarov sözünü tutmayıb və intihar etməyib. Əksinə, hadisənin ertəsi günü canlı yayımda Tural Sadıqlını qatil adlandırıb, onun Leyla Məmmədova adlı bir qadının ölümünə səbəb olduğunu bildirib.
“Tural Sadıqlı qatildir, o cəzalandırılmalıdır”
Təbii ki, Tural Sadıqlı da boş dayanmayıb. Dünənki həmfikirini, silahdaşını bu gün saxtakarlıqda, qrupbazlıqda və yalançılıqda ittiham edib.
Ən əsası qarşılıqlı ittihamlardan və səsləndirilən bəyanatlardan aydın olub ki, xarici emissarların güclü maliyyə dəstəyi ilə yaradılan “xalq parlamenti” yaranmamış dağılıb. Artıq belə bir platforma yoxdur.
Bütün bunlar onu göstərir ki, özünü “qəhrəman” hesab edən və anti-Azərbaycan qüvvələrinin maliyyə dəstəyi ilə hərəkət “söyüş müxalifəti” ancaq korporativ maraqlar üçün çalışırlar. Onları maraqlandıran ancaq gündəlik qazanclarıdır. Təbii ki, qazanc çoxaldıqca iddialar da böyüyür. Belə olan halda isə, qəniməti bölə bilməyən “dostlar” bugünkü kimi düşmənə çevrilir, bir-birlərinin iç üzlərini açmağa başlayırlar.
www.yenicag.az