Su üzünə həsrət qalan Ağdam sakinlərindən daha bir ETİRAZ – Yolu bağladılar / VİDEO

Mayın 28-də Ağdam rayonunun Alıbəyli-2 qəsəbəsinin sakinləri aksiya keçirib.

Yenicag.az xəbər verir ki, içməli su problemi həll edilməyən qəsəbə sakinləri çarəni Ağdam-Ağcabədi yolunu bağlamaqda görüblər.

Əldə etdiyimiz məlumata görə, 150-yə yaxın qəsəbə sakini yolu bağlayaraq su problemini dilə gətirib. Hadisə yerinə Ağdam Rayon İcra Hakimiyyətinin başçısının müavini və polis idarəsinin rəis müavini gəlib.

Sakinlərin sözlərinə görə, vəzifəli şəxslər yaxın zamanda su probleminin həllini tapacağına söz veriblər.

Məlumata görə, aksiya zamanı sürücülərdən biri aksiya iştirakçılarının üzərinə maşın sürüb. Hadisə zamanı bir qadın yaralanıb və onu xəstəxanaya yerləşdiriblər.

Qəsəbə sakinləri su problemi ilə yanaşı icra nümayəndəsinin işinə son verilməsini də tələb edir. Belə ki, həmin şəxsin qəsəbənin problemləri ilə maraqlanmadığı deyilir.

Qeyd edək ki, bir neçə aydır Alıbəyli-2 qəsəbəsini su ilə təmin edən artezian quyusunun motoru sıradan çıxıb.

Və sakinlər bundan əvvəl də bir neçə dəfə aidiyyatı qurumlara müraciət edib, rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüblər. Ancaq hələ də su problemi öz həllini tapmayıb.

Səxavət Məmməd