“Sülh Azərbaycanın əsas prioritetidir. İqlim dəyişikliyi qida təhlükəsizliyi ilə bağlı problemi, su qıtlığını və torpağın deqradasiyasını sürətləndirir. Bunlar da öz növbəsində miqrasiyaya aparır”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclasında deyib.
İqlim dəyişikliyinin yaratdığı fəlakətlərin qeyri-sabitliyin dərinləşməsinə səbəb olan münaqişələr üçün katalizator rolunu oynadığını vurğulayan nazir qeyd edib: “Münaqişələr və onların nəticələrinin infrastruktura, torpağın deqradasiyasına və biomüxtəlifliyə dağıdıcı təsirləri iqlim böhranını daha da artıracaq və sülhə, dayanıqlılığa, inkişafa zərər gətirəcək”.
Ceyhun Bayramov bildirib ki, 2021-ci ilədək 355 milyon ev təsərrüfatı, təxminən 1,3 milyard insan iqlim təhlükələrinə məruz qalıb. Beş yüz milyondan çox insan münaqişə və ya münaqişəyə meyilli ərazilərdədir. Ən həssas təbəqənin artan səsinə cavab olaraq, COP29 Sədrliyi son bir neçə ay ərzində iqlim və sülh əlaqəsi üzrə birgə fəaliyyəti gücləndirmək üçün beynəlxalq səylərə rəhbərlik edir.
www.yenicag.az