!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh danışıqları və müharibə ehtimalı: "Əhalinin Qarabağa köçürülməsi prosesi..." - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“2020-ci ilə qədər ermənilər də, azərbaycanlılar da müharibə istəyirdi, indi isə heç kəs bunu istəmir”.

Bu sözləri Ermənistanla Azərbaycan arasında yeni müharibənin olma ehtimalı, müharibəni istəyən qüvvələr və problemin məntiqli həll yolunu dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, nə Azərbaycana, nə də Ermənistana müharibə lazım deyil:

“Paşinyan yeni müharibənin olacağını deməli idi. O, bu fikri Fransa mətbuatına müsahibəsində deyib. Fransa da o dövlətlərdəndir ki, İran və Rusiya kimi regionumuzda sülhün olmasını istəmir. Ona görə ki, əgər sülh olarsa, Ermənistanın Türkiyə ilə yaxınlaşması baş tutacaq və Fransaya ehtiyac azalacaq. Paşinyan həm də sətiraltı demək istəyir ki, müharibə istəmir.

Faktiki olaraq, Ermənistan daxilində Rusiyaya və digər ölkələrə bağlı olan qüvvələr müharibəni istəyir. Digər bir tərəfdən Azərbaycan tərəfinin sərt ritorikası özünü göstərir. Azərbaycan həm Rusiyaya, həm də digər ölkələrə bu yöndə mesajlar verməlidir. Nə Azərbaycana, nə də Ermənistana bu müharibə lazım deyil. İllərlə danışıqlar uzansın, ancaq müharibə olmasın.

Müharibəni, həmçinin Qarabağdakı separatçı qüvvələrin rəhbərliyi istəyir. Qarabağda yaşayan əhali illərlə davam edən müharibədən yorulub. Ancaq Qarabağdakı separatçı rejim öz hakimiyyətini qoruması üçün müharibəni istəməlidir ki, ora diqqət yönəldilsin. Müharibəni Qərb və ABŞ də istəmir. Müharibə ehtimalı sərt ritorika, Ermənistan və Rusiya daxilində olan müharibə istəyən qüvvələrlə bağlıdır.

Rusiya dərin dövlətdir və onun müxtəlif qolları var. Rusiyanın normal düşünən beyinləri müharibə istəməz. O zaman Rusiyanın sülh missiyası heçə enir. Hansı sülh missiyasını aparır ki, ərazidə olduğu müddətdə buna nail ola bilməyib.

Tərəflər həm Avropa və ABŞ ilə sülh danışıqları aparmaqla yanaşı, Moskva vasitəsi ilə də sülh danışıqları aparmalıdır və aparırlar. Bunu qısqanmaq lazım deyil.

Rusiyaya arxa çevirib Qərbə üz tutsaq, Rusiya buna razı olmaz. Ona görə də, Rusiyanın da könlünü almaqdan ötrü mütləq şəkildə onun da prosesdə iştirakına maneçilik etmək lazım deyil.

Mütləq şəkildə bütün güc mərkəzlərindən istifadə etməklə, sülhə nail olmaq lazımdır. 2020-ci ilə qədər hər iki tərəf – istər ermənilər, istər azərbaycanlılar müharibə istəyirdi, indi isə heç kəs bunu istəmir.

Azərbaycan tərəfi prosesin sürətlənməsi üçün mütləq şəkildə əhalini Qarabağa köçürməlidir. Bu köçürülmə olmadıqca, məsələ öz həllini tapmayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

953
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv