“Əlbəttə ki, Suriyada keçid hökumətinin asanlıqla qurulacağını düşünənlər müəyyən mənada yanılırlar. Çünki heç bir ölkədə, xüsusilə Yaxın Şərq kimi mürəkkəb bir regionda inqilab, üsyan, dövlət çevrilişi və ya yeni hakimiyyətin qurulması asanlıqla baş verməyib. Bu vaxta qədər Suriyada hakimiyyətdə olan Bəşər Əsədin kifayət qədər tərəfdarı var idi. Həmçinin digər ölkələrin bu regionda maraqları və təsirləri mövcud idi. Xüsusilə dini ziddiyyətlər nəzərə alındıqda, Suriyadakı vəziyyətin yüngül başa çatmayacağını əvvəlcədən söyləmək mümkündür”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
Siyasi təhlilçi Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra “Heyət Təhrir əş-Şam” (HTŞ) hökumətinə qarşı Latakiyada başladılan üsyanları şərh edib.
Xatırladaq ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Suriyanın Latakiya şəhərində HTŞ-ə qarşı etirazların artdığı qeyd olunur. Bildirilir ki, bu səhər HTŞ konvoyuna hücum olub, bu gün isə HTŞ dəstəkçiləri Latakiyada ələvi ocağına basqın ediblər. Eyni zamanda, Şam radiosunun fəaliyyətini dayandırdığı və insanların küçəyə çıxmasının qadağan edildiyi vurğulanıb. Bundan əlavə, yerli media yazır ki, iranlı din xadimlərinin insanları üsyana səsləməsindən sonra Latakiyaya əlavə qüvvələr cəlb edilməkdədir.
Ə. İbrahimovun fikrincə isə bugünkü hadisələr və Suriyanın müxtəlif bölgələrində baş verən qarşıdurmalar da keçid hökuməti prosesində çətinliklərin davam etdiyini göstərir:
“Ərəb ölkələrində və digər dövlətlərdə bu cür yeni qurulan hökumətlərə qarşı çıxışlar əvvəllər də müşahidə olunub. İranın bu proseslərdə müdaxiləsi, İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin iraqlı gənclərə müraciəti və yeni Suriya hökumətinə qarşı çıxışları təşviq etməsi də diqqət çəkir. Bu, həm bölgədə, həm də yeni qurulan Suriya dövləti daxilində qüvvələri qızışdırma məqsədi güdür. Lakin bütün bunlara baxmayaraq, xalqın geniş dəstəyi keçid hökumətinin dəstəklənməsi və fəaliyyət göstərməsində davam edir. Bu dəstəyin səbəbi aydındır: Suriyanın əhalisi illərlə Bəşər Əsəd rejimindən və müxtəlif qruplaşmaların fəaliyyətindən ciddi əziyyət çəkib. Müharibənin bitməsi və dinc quruculuq şəraitində yaşamaq arzusu xalqı birləşdirir. Bu üsyanların öhdəsindən gəlməkdə xalq kütlələrinin rolu mühüm olacaq”.
Analitik əmindir ki, yeni hökumətin təhlükə yaradan qruplaşmaları zərərsizləşdirmək üçün kifayət qədər gücünün olduğu görünür:
“Həmçinin Suriyada Türkiyə kimi dinc, sivil dövlətin qurulmasını istəyən digər dövlətlər də bu prosesə dəstək verəcəkdir. Lakin Suriyada sabitliyə mane olmaq istəyən qüvvələr də var. Bu qüvvələr arasında terror dövləti qurmaq istəyənlər, şəriət qanunları ilə idarə olunan bir sistem yaratmaq niyyətində olanlar da mövcuddur. Suriyanın ən böyük təhlükələrindən biri isə PKK-nın tör-töküntüləri – YPG/PYD-yə qarşı mübarizədir. Bu qruplaşmalar regionda ciddi təhlükə olaraq qalır və ABŞ də daxil olmaqla müəyyən xarici qüvvələr tərəfindən dəstəklənirlər. Buna baxmayaraq, digər dövlətlərin təxribatçı hərəkətləri uzunmüddətli nəticə verməyəcək və onların qarşısı qısa müddətdə alınacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülh çağırışları da diqqətəlayiqdir. Əgər Suriya keçid hökuməti qarşısına qoyduğu məqsədə çatarsa, unitar və sivil bir dövlətin yaradılması mümkün olacaq. Bu proses çətinliklərlə dolu olsa da, nəticədə Suriyanın normallaşacağını düşünmək olar”.
Rafi Müslümov
www.yenicag.az