“Suriya rejiminin devrilməsində əsas faktor 2011-ci ildə ölkədə baş verən vətəndaş müharibəsi oldu. Bu müharibə, ilk növbədə, rejimi zəiflədən daxili təzyiqləri artıran və əsas həlledici ünsür kimi qələmə verilməlidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
Analitik Suriyadakı Bəşər Əsəd rejiminin devrilməsindən sonra bölgədəki yeni situasiyanı və Fəratın şimalını ələ keçirən PYD/YPG qruplaşmasının dövlətləşmə perspektivlərini şərh edib.
Onun fikrincə, sözsüz ki, Suriyanın İsraillə olan münaqişəsi və regiondakı digər dövlətlərlə problemləri də burada mühüm rol oynayıb:
“Lakin ən əsas faktor ölkə daxilində qeyri-sabitliyin mövcudluğu, Əsədə qarşı geniş müqavimət hərəkatının formalaşması və bu müxalif qruplaşmaların müxtəlif xarici dövlətlər tərəfindən dəstəklənməsi idi. Bu faktorlar Əsəd rejiminin zəifləməsində həlledici rol oynadı. Rejim dəyişikliyi nəticəsində Rusiya və İranın regiondakı təsir dairəsi nəzərəçarpacaq dərəcədə zəiflədi. Rusiya həm siyasi, həm iqtisadi, həm də strateji itkilərlə üzləşdi. Bundan əlavə, Suriya Rusiyanın uzun onilliklər boyunca Orta Şərqdəki əsas tərəfdaşı olduğu üçün bu proseslər Rusiyanın beynəlxalq statusuna da mənfi təsir etdi”.
“O ki, qaldı yeni münaqişə ocaqlarının yaranması məsələsinə, burada hökumətin sabitliyi təmin etməsi, təhlükəsizliyi bərpa etməsi və bütün qüvvələri bir çətir altında birləşdirə bilməsi vacibdir. Əgər bu təmin olunarsa, yeni münaqişə ocaqları yaranmaz. Lakin yaxın gələcəkdə bu ehtimalı reallaşdırmaq çətindir. Çünki Suriyada fərqli maraqları təmsil edən qruplar mövcuddur. Bir tərəfdən, YPG (kürd qruplaşmaları), digər tərəfdən radikal islamçılar və sələfilər, həmçinin Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu mövcuddur. Bu qrupların hər biri fərqli ölkələr tərəfindən dəstəkləndiyinə görə vahid dövlət qurmaq və bu fərqli xalqları birləşdirmək uzun müddət tələb edir. Bu prosesin ləng getməsi isə Suriyada potensial münaqişə ocaqlarının yaranmasına şərait yaradır”, – deyə o, əlavə edib.
Siyasi təhlilçinin qənaətinə görə. yenidən Suriyada fərqli qruplar arasında münaqişələrin baş verməsi ehtimalı yüksəkdir:
“Bu, islamçılarla kürdlər, müxalifət və ya islamçılarla Suriya Milli Ordusu arasında baş verə bilər. Məsələn, İraqda oxşar hadisələr yaşanmışdı; radikal sünnilərlə mülayim sünni qruplaşmalar arasında baş verən münaqişələr ölkədə daha böyük eskalasiyaya səbəb olmuşdu. Liviyada da bənzər ssenarilər baş verdi. Hətta bu gün belə Liviyada tam sabitlik təmin olunmayıb. Suriya kimi heteroetnik ölkələrdə və müxtəlif dövlətlərin maraqlarının kəsişdiyi yerlərdə çevrilişdən və inqilabdan sonra sabitliyin tez bir zamanda təmin olunması çox çətindir. Bu da göstərir ki, hazırkı münaqişə ocaqları bir müddət təhlükə törətməyə davam edəcəkdir”.
Rafi Müslümov
www.yenicag.az