!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyadakı ETİRAZLARIN PƏRDƏARXASI – Yeni üsyan BAŞLAYIR?

!Reklam – Yazi

Suriyanın sahil xəttində dünən şiddətli toqquşmalar, ardınca isə etirazlar yaşandı.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.

Kanal Latakiyada “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasına qarşı başladılan etiraz aksiyaları ilə bağlı analitik məqalə hazırlayıb.

Həmin məqaləni təqdim edirik:

Hadisələrin başlanğıcı

Hadisələr Suriyanın yeni hökumətinin hüquq-mühafizə orqanlarının Məhəmməd Kancu Həsənin Tartus mühafəzəsində gizləndiyini öyrənməsi ilə başlayıb. Kancu Həsən Əsəd rejiminin önəmli simalarından biri və “Sednaya” həbsxanasının Hərbi Məhkəməsinin rəhbəri olub. O, təslim olmaqdan boyun qaçıraraq, yanındakı silahlı şəxslərlə birgə müqavimət göstərib. Qarşıdurma zamanı HTŞ-nin daxili təhlükəsizlik bölməsinin 14 üzvü həyatını itirib. Əməliyyat nəticəsində Məhəmməd Kancu Həsən öldürülüb. Bu hadisə bəzi qrupların etiraz aksiyaları təşkil etməsinə, hətta silahlanmasına səbəb olub. Lakin baş verənlərin kütləvi ictimai üsyan olduğunu söyləmək yanlış olar. Bu gündən etibarən bölgədə vəziyyət sabitləşib. Hazırda HTŞ tərəfindən axtarış tədbirləri davam etdirilir.

Etirazların pərdəarxası

Tartus və Latakiya kimi bölgələrdə etirazların və gərginliyin təməli Əsəd rejiminin gözlənilməz çöküşü ilə bağlıdır. Daha öncə imtiyazlara sahib, dövlətin ən mühüm vəzifələrində təmsil olunan, özlərini cəmiyyətin digər təbəqələrindən üstün hesab edən nüseyri elitanın “status shock” (status şoku) və “privileged trauma” (imtiyaz travması) yaşadığı deyə bilərik. Yəni bunun bir daha kütləvi üsyan olmadığını vurğulamaq mümkündür.

Etirazlar planlı şəkildə idi?

Bu cəhdin arxasında bir plan və ya strateji düşüncə olsaydı, daha münasib vaxtı gözlənilərdi. Məsələn, Suriyanın yeni hökuməti daxilində mümkün çaxnaşmaların və ya müxtəlif qruplar arasında gərginliyin yaranacağı bir dövr. Təbii ki, düzgün zamanlama ilə etirazların miqyasını böyütmək və hər hansı bir nəticə əldə etmək olardı. Dünən yaşanan etirazlar isə yalnız qəzəbin və şokun kortəbii ifadəsi idi. Sahil bölgəsində baş verən bu cür hadisələri davam edən transformasiya prosesinin təbii hissəsi kimi qəbul etmək lazımdır.

Rusiyanın etirazçılara dəstəyi mümkündürmü?

Xmeymim və Tartusda yerləşən Rusiya Silahı Qüvvələrinin sahildəki etirazçıları silahla təmin etməsi ssenarisi real deyil. Suriyanın yeni hökumətinin qurulması zamanı Xmeymimə heç bir müdaxilənin edilməməsi Suriyadakı balansı açıq şəkildə ortaya qoyur. Burada söhbət Türkiyənin HTŞ və Rusiya arasında qurduğu balansdan gedir. Əgər ruslar mövcud balansı pozacaq bir addım atsalar, Xmeymim və Tartus bazası ciddi risk altında olacaq. Ona görə də nə silah yardımı, nə də başqa müdaxilə Rusiya üçün rasional seçim ola bilməz. Rusiyanın bu tarazlığı qorumaq istəyi sahildəki hadisələrin genişmiqyaslı üsyana çevrilməsinin qarşısını alan əsas amillərdən biridir.

Yekun

Dünən baş verənlər bəzi təbəqələrin bölgədəki transformasiyanı qəbul etməkdə çətinlik çəkdiyini göstərir. Lakin bu hadisələri üsyan və ya planlı hərəkat kimi qiymətləndirmək düzgün olmazdı. Görünən odur ki, baş verənlər müvəqqəti böhrandan o yana keçməyəcək.

Tərcümə: Rafi Müslümov

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv