“Surxay Əliyev və onun bandası azadlıqdadır, Habil Vəliyev isə həbsdə”- Prezidentə müraciət

“Gündəlik Bakı” qəzetinin Baş redaktoru Habil Vəliyevin valideynləri müraciət ünvanlayıblar.

Müraciəti olduğu kimi təqdim edirik.

Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə

Zəngilan rayonundan məcburi köçkün düşmüş Vəliyeva Ərkinaz Abdulla qızı və Vəliyev Allahverdi Mütəllim oğlu tərəfindən

Müraciət

Hörmətli Cənab Prezident!

Siz Azərbaycan xalqının, o cümlədən bizim çox üzvlü ailəmizin arxa dayağı, son ümid yerimizsiniz. Sizdən öncə atanız, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə, həmçinin sizin başçılığınız altında ölkəmiz böyük inkişaf yolu keçib. Biz sizin və atanızın siyasi ideyalarını hər zaman dəstəkləmişik. Yaşımızın çox olmasına baxmayaraq hər prezident seçkilərində sizə sevə-sevə səs vermişik. Buna görə özümüzü çox xoşbəxt hesab edirik.

Hörmətli İlham Əliyev!

Diqqətinizə çatdırmaq istəyirik ki, oğlumuz, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev 2016-cı ilin dekabr ayının 6-da DTX əməkdaşları tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində gedən məhkəmə proseslərinin yekununda oğlum 4 il müddətinə azadlıqdan məhrum edildi. Cənab Prezident bizə Azərbaycana və onun prezidentinə daim sadiq olan bir oğul böyütmüşük. Habil Vəliyev hələ gənc yaşlarında könüllü olaraq Birinci Qarabağ savaşında iştirak edib, Azərbaycanın ilk zabitlərindəndir. O hər zaman sizə və dövlətinə sadiq olub. Yeni Azərbaycan Partiyasının ilk və ən fəal üzvlərindəndir. Habil Vəliyev eyni zamanda uzun müddət, yəni 20 ildən artıq 125 saylı Zəngilan Qubadlı seçki Dairəsinin 6 saylı seçki məntəqəsinin sədri işləyib. Bundan başqa o Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon Şöbəsinə uzun illər rəhbərlik edib.

Cənab Prezident onu da bildirmək istəyirik ki, oğlumun həbsindən öncə Bizim Dövr qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli də həbs olunmuşdu. Surxay Əliyev 47 epizod üzrə 49 tomlu işdə ittiham olunurdu, ona qarşı ağır ittihamlar irəli sürülmüşdü. Habil Vəliyevin cinayət işində isə 12 nəfər zərərçəkmiş var idi. Həmən zərərçəkmişlərə dəymiş maddi ziyan məhkəmə istintaqı dövründə tam ödənildi və heç bir şikayətci qalmadı. Biz oğlumuzun azadlığa çıxacağını gözlədiyimiz bir vaxtda məhkəmə onu 4 il müddətinə azadlıqdan məhrum etdi. 47 epizod üzrə ittiham olunan, eləcə də həbs edilən Surxay Əliyev və müavini Hikmət Nəcəfli isə məhkəmə zalından azadlığa buraxıldılar. Halbuki Habil Vəliyev Surxay Əliyevin həvalə qərarı ilə həbs olunub. Necə olur ki, Surxay Əliyev və onun bandası azadlıqdadır, Habil Vəliyev isə həbsdə? Cənab Prezident bu necə ola bilər? Niyə həmən şəxslər azadlığa buraxıldı amma oğlumuz həbsdə qaldı? Biz bunu ədalətsizlik kimi qiymətləndiririk. Hazırda oğlumun barəsində çıxarılmış məhkəmə qərarından apellyasiya şikayəti vermişik. Amma belə görünür ki, Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlamaq istəyir. Bu isə bizdə belə bir fikir yaradır ki, oğlumun həbsi kimlərinsə sifarişidir və həmən insanlar Habil Vəliyevin azadlığına qovuşmasına imkan vermirlər.

Hörmətli İlham Əliyev!

Bizim sizdən başqa ümid güman yerimiz yoxdur. Sizdən xahiş edirik ki, oğlumu əfv edəsiniz. Əvvəlcədən dərin minnətdarlığımızı bildiririk. Sonda onu da qeyd edək ki, Habil Vəliyevin həyat yoldaşı ağır xərçəng xəstəsidir və həkimlər onun həyatına az müddət qoyublar. Eyni zamanda biz valideynləri də artıq yataq xəstəsiyik. Heç olmasa ömrümüzün son çağını oğlumuzla birlikdə keçirək./Leqal.info/

COP29