!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarixdən günümüzə təhsil siyasəti: Qarabağ zəfəri ilə yeni məna qazanan mədəni-maarif sahəsi - TƏHLİL

!Reklam – Yazi

Hər bir dövlətin gələcəyinin təminat altına alınması təhsilə, elm və mədəniyyətə ayrılan diqqət, savadlı kadrların yetişdirilməsi, bilikli gənclərin formalaşdırılmasından keçir. Təsadüfi deyil ki, tarixi inkişaf mərhələsində Azərbaycanın görkəmli ziyalıları xalqın maariflənməsi, təhsil alması üşün əllərindən gələni əsirgəmir, bu yöndə bədii-publisistik yazılarla çıxış edirdilər. 

20-ci əsrin ilk onilliyində də əsas diqqət məhz elm və təhsil sahəsinə ayrılmış, həyatını xalqın bilgilənməsi üçün fəda edən dühalarımız sözügedən istiqamətdə fəaliyyətlərini genişləndirmişdilər. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində geniş vüsət alan maarifçilik hərəkatının məntiqi nəticəsi isə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə təhsilə ayrılan diqqət olmuşdur.  Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən xalq maarifinin inkişafına xüsusi diqqət yetirirdi. Çünki çar hakimiyyəti Rusiyanın müstəmləkə əsarəti altında olan xalqlarının milli-siyasi mənlik şüurunun oyanmasına hər vasitə ilə mane olmuşdu. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildiyi gün Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış birinci hökumət kabinetində Xalq Maarif Nazirliyi də təsis olundu. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi nazirlik öz fəaliyyətinə Azərbaycan xalq maarifinin vəziyyətinin və bu sahədə həyata keçiriləcək vəzifələrin müəyyənləşdirilməsi ilə başladı.

Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri də hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan hökuməti ilk günlərdən başlayaraq milli kadrların hazırlanması, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi oldu. Bundan başqa, AXC Parlamentinin qərarı ilə xalq məktəbləri üçün Türkiyədən dərs kitabları almaq məqsədilə Xalq Maarif Nazirliyinə bir milyon manat vəsait ayrılmışdı.

Şübhəsiz ki, AXC-nin təhsil sahəsində ən böyük xidməti Bakı Dövlət Universitetinin qurulması olmuşdur. Parlament 1919-cu il sentyabrın 1-də “Bakı Dövlət Universitetinin təsisi haqqında” qanun qəbul etdi. 1919-cu il noyabrın 15-də Bakı Dövlət Universitetinin auditoriyalarında ilk mühazirələr oxundu.

Bununla yanaşı, modern elmin öyrədilməsi və ölkədə çağdaş elm sahələrinin inkişaf etdirilməsi, həmçinin savadlı milli kadrların hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gənc dövlət hesabına xarici ölkələrə yola salınmışdı. Həmçinin 31 nəfər əlavə abituriyent də seçilmişdi ki, onların da öz hesabına, yaxud mesenatların maliyyə dəstəyi ilə Qərbi Avropa ölkələrinin ali məktəblərində təhsil alması nəzərdə tutulmuşdu.

Mövcud olduğu 23 ay ərzində təhsil sahəsinə ciddi diqqət ayıran AXC-nin bolşeviklər tərəfindən işğalından sonra Azərbaycanda sovet ideologiyası hakim kəsilmiş, bununla birlikdə millilikdən uzaq təhsil sisteminin tətbiqinə başlanılmışdır. Kadr hazırlığı baxəməndan sovet təhsil sisteminin faydaları olsa da, burada millilikdən əsər yox idi. Bu səbəbdən Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra təhsil sahəsində ciddi isilahatların aparılması zərurəti doğmuşdur.

Bu zərurətin nəticəy bağlanmalı olduğunu duyan dövrün başbilənləri təhsil sahəsində islahatlara getməyin vacibliyini anlayırdılar. Bu anlayış səbəbindən idi ki, mərhum eks-prezident Əbülfəz Elçibəyin sərəncamı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yaradıldı və Vurğun Əyyub onun sədri təyin olundu. Universitetlərə qəbul imtahanlarının test üsulu ilə keçiriməsi qərarnın verilməsini isə təhsil sahəsində inqilab adlandıra bilərik.

Əlbəttə, dövrün təlatümləri, get-gəlləri, işğal faktoru bir çox sahədə davamlı siyasət aparılmasını namümkün qılırdı. Lakin Ulu öndər Heydər Əliyevin ölkədə hakimiyyətə gəlməsilə Azərbaycan sabitlik dönəminə qədəm qoydu. Bu sabitlik isə bütün sahələrdə davamlı siyasətin həyata keçirilməsini təmin etdi. Ulu öndər təhsil sahəsinə çox ciddi yanaşmağın lazım olduğunu bildirir, islahatın bu sahədə mərhələlərlə aparılmasının vacibliyini nəzərə çatdırırdı. “Təhsil mürəkkəb bir sahədir. Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən sahədir”, – deyə qeyd edən Heydər Əliyev 1999-cu ilin iyun ayının 15-də “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam verdi. Yeni məktəblərin tikintisi ilə bağlı Dövlət Proqramının hazırlanmasını əhəmiyyətli məsələ kimi qarşıya qoyan Heydər Əliyev 2003-cü il fevralın 17-də “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinn tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqramın (2003-2007-ci illər)” təsdiq edilməsi haqqında” sərəncam da imzaladı.

Bütün sahələrdə olduğu kimi, qeyd olunan sahədə də ulu öndərin siyasətini layiqilə davam etdirən prezident İlham Əliyev də təhsil, elm və mədəniyyət sahələrinə xüsusi diqqət ayırmış, 2004-cü ilin avqust ayında orta ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi proqramını təsdiq edən sərəncam imzalamışdır.  Dövlət başçısının sərəncamı ilə 2008-ci ildə “Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)” qəbul olundu, 19 iyun 2009-cu il tarixində “Təhsil haqqında” Qanunu təsdiq etdi. 2011-2021-ci illərdə Azərbaycanda təhsilin genişspektrli inkişafı üzrə Milli Strategiyanın hazırlanması da təhsilin inkişafına önəmli töhfə vermişdir.

Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, həmçinin “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Əsasnaməsi” təsdiq edilib.

Təhisllə bağlı yalnız ölkə daxilində deyil, xaricə istiqamətlənmiş addımlar da atılır. Təsdiq edilmiş Dövlət Proqramları ilə gənclərin dünyanın nüfulu univeristetlərində təhsil almalarının önü açılır, bu, birbaşa olaraq dövlət tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixində imzaladığı sərəncamla təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” bunun bariz nümunəsidir.

Təhsillə bağlı aparılan islahatların bəziləri struktural xarakter də daşıyır. Son olaraq prezident İlham Əliyev 2022-ci ilin 28 iyulunda “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla Təhsil Nazirliyinin adı Elm və Təhsil Nazirliyi olaraq dəyişdirilib, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib. Həmçinin nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılmaıs nəzərdə tutulub. Bununla birlikdə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilib.

Elm və təhsilin birləşdirilməsi yolunda atılmış bu addım gələcəyə istiqamətlənmiş dərin siyasəti özündə ehtiva edir.

Burada xüsusi qeyd edilməli məsələlərdən biri də Azərbaycanın 44 günlük Vətən savaşında qazandığı qələbədən sorna işöaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləridir ki, bu işlərdə briinci yeri məktəblər tutur. Əhalinin məskunlaşdırılmasına başlanmamışdan əvvəl həmin ərazilərdə məktəbər istifadəyə verilir, aparılan siyasətdə təhsilə önəm verildiyi görülən işlərlə sübuta yetirilir.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanmışdır.

COP29

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv