!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təhsil müəssisələrində ŞİDDƏT FAKTORU: "Həftədə bir dəfə psixologiya dərsi keçilməlidir"

Bir neçə gün öncə 9 nömrəli tam orta məktəbin direktorunun şagirdləri döyməsi ilə bağlı yayılan video cəmiyyətdə birmənalı qarşılanmadı. Əksər insanlar direktora haqq qazandırsa da, digər qisim bu davranışın pis örnək olduğunu vurğulayıb. Maraqlı məqam odur ki, müəllimlər də direktoru müdafiə edərək nadinc şagirdləri ancaq bu şəkildə yola gətirməyin mümkün olduğunu qeyd ediblər. Qeyd edək ki, əvvəlki illərdə müəllimlərin də şagirdlər tərəfindən döyülməsi ilə bağlı faktlar mövcud olub.

Müəllim-şagird münasibətləri ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, son dövrlər müəllim-şagird gərginlikləri daha da aktuallaşıb. Belə ki, bu cür neqativ hallar təxminən 7-10 gündən bir təkrarlanır:

“Bütün hallarda bu, təhsil müəssisələrinin fəaliyyəti üçün yanlış addımdır. Bu gün ölkəmizdə 1 milyon 591 minə yaxın şagird var və onların tədrisi ilə məşğul olan təxminən 145 min müəllim heyəti mövcuddur. Bu isə onu deməyə əsas verir ki, hər bir şagird və müəllimin psixologiyası eyni deyil. Ona görə sözügedən neqativ hallar yaşanır. Buna baxmayaraq, peşəkar pedaqoqların səbirli davranması vacibdir. Ümumilikdə təhsil müəssisələrində neqativ halların qarşısını almaq üçün psixoloqlar təyin olunmalıdır. Həftədə ən azı bir dəfə psixologiya dərsləri keçirilməlidir. Ən əsası təhsilini psixologiya ixtisası üzrə bitirənlər bu işə cəlb olunmalıdır. Çünki bəzi məktəblərdə çalışan psixoloqlar heç də psixologiya ixtisası üzrə oxumayıblar”.

Elçin Əfəndi vurğulayıb ki, müəllim-şagird münasibətlərinin tənzimlənməsində əsas məsuliyyət müəllimlərin üzərinə düşür:

“İnformasiya texnologiyaları dövründə yaşadığımızı nəzərə alsaq, baş verən istənilən neqativ hal dərhal ictimaiyyətdə yayımlanır. Ona görə də hər bir pedaqoq çalışmalıdır ki, şagirdlə ünsiyyəti normal şəkildə qursun. Əgər şagird hansısa yanlış hərəkət edibsə, ona qarşı şiddət göstərmək olmaz. Sadəcə şagirdi inzibati qaydada tənbeh etmək və ya müəyyən qədər dərslərdən kənar saxlamaq olar. Müəllimlər heç bir halda şagirdə əl qaldırmamalıdır. Təxminən 15-20 il bundan əvvəl müəllimlər şagirdlərə qarşı müəyyən dərəcədə şiddət göstərsələr də, bu qədər ictimailəşmirdi. Çünki həmin dövrdə informasiya texnologiyaları inkişaf etməmişdi. Bütün hallarda müəllimlərə hörmət edilməsi də vacibdir”.

Gülşən Şərif

www.yenicag.az

158
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100