Yay mövsümündə Bakının təkrar mənzil bazarında satılacaq mənzillərin ən çoxu Yasamal rayonunun ərazisinə düşüb – 25 faiz.
Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə “MBA Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov məlumat verib. Onun sözlərinə görə, təkrar yaşayış evlərinin 18 faizi Xətai rayonunda, 13,5 faizi Nəsimi rayonunda, 15,3 faizi və daha çoxu Nərimanov və Binəqədi rayonunda yerləşib.
Ekspert əlavə edib ki, Bakının digər rayonlarının payına isə təkliflərin 4 faizi düşüb.
N.İbrahimov kirayə mənzil bazarına çıxarılan mənzillərin nisbətindən danışarkən qeyd edib ki, yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzillərə təlabat artıb və qiymət bahalaşıb.
Onun sözlərinə görə, avqust ayı ərzində Bakı şəhəri üzrə kirayə mənzillərin orta qiymətində 5.75 faiz artım olub. N.İbrahimov qeyd edib ki, metro stansiyalarına, xüsusən təhsil ocaqlarına yaxın ərazilərdə yerləşən kirayə mənzillərin qiymətində daha çox artım müşahidə edilib. Ekspertin sözlərinə görə, həmin ərazilərdə yerləşən kirayə evlərin qiymətində artım 12.56 faiz (400-500 manat) təşkil edib.
Ekspert vurğulayıb ki, artım daha çox birotaqlı mənzillərdə baş verib. Belə ki, birotaqlı 10.4 faiz, ikiotaqlı 2.79 faiz, üçotaqlı kirayə mənzillərin qiyməti isə 6.65 faiz artıb.