Trampı güllələyən şəxslə bağlı yeni detallar – FOTO

ABŞ-də prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsdə cəhd edən 20 yaşlı Tomas Metyu Kruks haqqında yeni məlumatlar üzə çıxıb.

“Qafqazinfo”nun “The Telegraph” nəşrinə istinadən məlumatına görə, keçmiş sinif yoldaşları onun hədəfi pis və təhlükəli nişan aldığı üçün məktəbin atış dərslərindən uzaqlaşdırıldığını deyib.

Kruksun 2022-ci ildə məzun olduğu “Bethel Park” Liseyindəki sinif yoldaşları onu az dostu olan parlaq bir şagird kimi təsvir ediblər. Məlumata görə, o, şahmat və video oyunları oynamağı çox sevirdi və kompüter kodlaşdırmasını öyrənirdi.

Onunla həm ibtidai, həm də orta məktəbdə oxuyan Cemson Myers, Kruksun məktəbin atış komandası üçün sınaqlara qatıldığını, lakin daha sonra kənarlaşdırıldığını bildirib.

“O, nəinki komandaya daxil olmadı, həm də vurduğu zərbə pis və təhlükəli hesab edildiyi üçün geri qayıtmaması istənildi”,  – Myers “ABC News”a deyib. Daha sonra onu yaxşı oğlan kimi tanıdığını, son bir neçə gündə etdiklərini həyata keçirə biləcəyinə inana bilmədiyini bildirib.

Digər sinif yoldaşı Sammer Barkli deyib ki, Kruks müəllimləri tərəfindən sevilirdi. Başqa birisi isə onun görünüşünə görə məktəbdə zorakılığa məruz qaldığını bildirsə də, bəziləri onu potensial təhlükə hesab edirmiş.

Məlumatda Kruksun qocalar evində işlədiyi də qeyd edilib.

COP29