Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Türk Şurasının VII Zirvə Görüşü - İlham Əliyev çıxış etdi - VİDEO/YENİLƏNDİ

Reklam: Sinerji Pro

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü başa çatıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Bəyannaməsi imzalanıb.

***

12:05

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti başlayıb.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev iştirak edir.

Əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb və çıxış edib.

Prezident çıxışında deyib ki, Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Dövlət başçısı bildirib: “Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz Türk Dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdirdik. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi Türk Dünyası üçün böyük rəmzi əhəmiyyətə malikdir”.

Prezident İlham Əliyev qeyd edib ki, ötən 10 il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib: “Türk Şurası ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Türk Şurasının beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. Türksoy, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimzin tədqiqi, maddi və mənəvi dəyərləriimizin dünya səviyyəsində tədbliğində əhəmiyyətli rol oynayır. Mənim sərəncamımla 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib. Təqdirəlayiq haldır ki, Türksoy da dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə 2019-cu ili “Nəsimi ili” elan edib”.

Dövlət başçısı nəzərə çatdırıb ki, Türkdilli Ölkələrin Parlament Assambleyası da uğurla fəaliyyət göstərir: “Biz bir neçə parlamentlərarası təşkilatla sıx əməkdaşlıq edirik. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə kömək edir”.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu gündən Türk Şurasına sədrliyi öz üzərinə götürür.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək.

İlham Əliyev qeyd edib ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur:

“Ermənistan 30 ilə yaxındır, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir.İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılır və 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidləri dağıdılıb, məhv edilib. Ermənistan müsəlman ölkələri ilə sıx əməkdaşlıq qurmağa çalışır. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etidirir”.

Prezident İlham Əliyev qeyd edib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib: “Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərarlar və qətnamələr qəbul edib. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərin icrasından boyun qaçırır”.

Dövlət başçısı nəzərə çatdırıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağı, ayrılmaz hissəsidir: “Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı ifadə olunur. Fürsətdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəfdaşlarımıza təşəkkür edirəm”.

“Zirvə görüşlərimiz ənənəvi olaraq əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur. Kiçik və orta sahibkarlığa həsr olunan builki Zirvə Görüşünün mövzusu da mühüm aktuallıq kəsb edir”, – Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, 2017-ci ildə Azərbaycanda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb, Agentliyin yaradılmasında da məqsəd məhz kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir: “Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyə qədər 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumdaxili məhsulunda payı 85 faiz təşkil edib. Son 16 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan xarici borcu az olan dövlətdir: “Azərbaycanın borcu ümumdaxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik. İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu sərmayə 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi isə 12 milyard ABŞ dollarıdır”.

Dövlət başçısı nəzərə çatdırıb ki, tarixən qədim İpək Yolu üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biridir: “Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin fəal iştirakçılarından biridir. 2017-ci ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına müştərək töhfəmizdir. Beynəlxalq Bakı Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsi ilə daşınıb. Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir”.

Prezident İlham Əliyev bildirib ki, ölkələrimizə xaricdən turist cəlb edilməsi və ölkələr arasında turist axınını təşviq etmək üçün səylərimizi artırmalıyıq: “2019-cu ilin ilk 9 ayında Azərbaycana ümumilikdə 2 milyon 400 min turist səfər edib ki, bunlardan 330 mini türkdilli ölkələrin payına düşür. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 285 min olub. Ölkələrimiz arasında təhlükəsizlik sahəsində də əməkdaşlıq genişlənir. Ötən ay Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Konfransının 22-ci iclası Bakıda keçirilib. Təhlükəsizliyimizin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından bu sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”.

***

11:00

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü öz işinə başlayır.

Yenicag.az-ın məlumatına görə, Zirvə Görüşü türkdilli ölkələrin liderlərinin iştirakı ilə keçiriləcək.

İlk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir. Bundan başqa, Macarıstanın Baş Naziri Viktor Orban da Zirvə Görüşündə iştirak edəcək.

Qeyd edək ki, dünən Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

www.yenicag.az

3396
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM