Türkiyə seçkiləri bitdi: əsl məğlub kimdir?
Türkiyənin maraqla gözlədiyi bələdiyyə seçkilərinin nəticələri nəhayət ki, bəlli oldu. Seçkilərin qazananı və məğlubu kim oldu?
“Vatan” qəzetinin yazarı Hüseyin Yayman seçkilərin nəticələrini qiymətləndirib.
Rəcəb Təyyib Ərdoğanın daha bir qələbə qazandığını söyləyən H.Yayman ölkənin siyasi tarixində yeni bir səhifənin açıldığını bildirib.
Ərdoğan daha bir qələbə qazandı
Saatlar gecə yarısını göstərərkən seçkilərin ilkin nəticələri bəlli oldu. Ancaq rəqabətin bəzi vilayətlərdə son ana qədər davam edəcəyi görünür. Amma ortada dəqiqləşən bir vəziyyət var. Ərdoğan 3 parlament, 2 bələdiyyə və 2 referendum qələbəsinə daha birini əlavə etdi. Artıq ölkə siyasətində yeni bir səhifə açılır.
Dünya tarixində görünməmiş bir vəziyyət
Görünməmiş sərtliklə keçən bir seçki kampaniyasından sonra Ərdoğanın qələbəsi üzərində yenidən düşünmək lazımdır. Seçki kampaniya dövründə dilə gətirilən iddialara baxmayaraq, 12 illik bir iqtidardan sonra keçirilən üçüncü bələdiyyə seçkilərini də AKP qazandı. Dünya və ölkə tarixində görünməmiş bir vəziyyətlə qarşı-qarşıyıq.
Seçkilərin məğlubu Fəthullah Gülən
Seçki kampaniyası dövründə müxalifətdən daha çox müxalifətçi olan Gülən hərəkatı seçkinin məğlubu oldu. Bir din adamının partiya lideri kimi müxalifətdə olması qəribə bir vəziyyət yaratmışdı. CXP-nin camaat və sağ açılımı isə gözlənilən uğuru gətirmədi və çox güman ki, partiyadaxili müzakirələr yenidən başlayacaq. CXP bu seçkilərin ən çox mübahisə edilən partiyası olacaq.
MHP və BDP qazandı
Dəqiqləşməyən rəqəmlərə baxsaq, BDP-nin şərq və cənubi-şərqdə böyük bir müvəffəqiyyət əldə etdiyini görərik. Partiya ölkənin qərbində aparılan müzakirələrdən kənarda dayanaraq öz gündəmi ilə məşğul oldu. BDP səsini və bələdiyyə sayını artıraraq parlament seçkilərində seçki baryerini aşacağı barədə mesajını verdi.
MHP isə Şərqi Aralıq dənizi sahili və ölkə üzrə səslərin sayını artırdı. MHP də BDP kimi Ərdoğan ilə CXP və Gülən camaatı arasında gedən döyüşdən kənarda qalaraq cəmiyyətə üçüncü bir yol göstərdi.
Seçkilərin önə çıxan başlıqları
1. Ərdoğan mübahisəsiz yeni bir qələbə qazandı.
2. CXP-nin camaat və sağ açılımı gözlənilən qələbəni gətirmədi.
3. Gülən-Ərdoğan döyüşündən kənarda dayanan BDP və MHP üstünlük qazandı.
4. BDP “kürd məsələsi”nin həlli müddətində danışıqlar masasında əlinin daha güclü olacağını göstərdi.
5. Ərdoğan liderliyini daha da gücləndirdi və böyük bir şəxsi uğur əldə etdi(publika.az).