Aprelin 2-də xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Azərbaycanda səfiri Vladislav Kanevski ilə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yenicag.az-a bildiriblər ki, görüşdə Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərə əsaslandığı, daim beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında inkişaf etdiyi xüsusilə qeyd olunub.
Görüşdə Ukrayna tərəfi Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdar olduqlarını qeyd edib.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Kanevskiyə iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
www.yenicag.az