Son günlər televiziyada yayımlanan sosial verilişlərdə azyaşlıların evdən qaçması, onların axtarılması xəbəri cəmiyyətdə heç də birmənalı qarşılanmır. Düzdür, həmin uşaqlar ictimai aktivlik və Azərbaycan polisinin ayıq-sayıqlığı nəticəsində qısa müddətdə tapılır. Bəs sonra?
Suallarımıza cavab verən Rüfət İsmayılzadənin sözlərinə görə, əsas məsələ bu tip uşaqların bir daha belə bir addımı atmamağının zəmanətidir:
“ Məsələ çox ciddi və aktualdır. Əvvəla uşağın evdən qaçmasına səbəb olan amil araşdırılmalıdır. Yaxşı bir deyim var: “Heç kim xoş günündən evini tərk etməz”. Bunu adətən, qadınlara şamil edirlər. Amma mən bunu uşaqlara da aid edərdim. Ola bilər ki, bu məqamda kimsə bunu uşağın psixoloji durumu ilə əlaqələndirəcək. Mənim fikrimcə, burada çox ciddi sosial problem var. Və bu problemin kökündə duran əsas məsələ ailədaxili münaqişədir. Sözügedən oğlan uşağı isə 11 yaşında olub. Məsələnin mahiyyətinə varanda görürük ki, ata içki düşkünüdür, ailədə hər gün dava-dalaş olur ki, bunu da 11 yaşlı uşaq həzm edə bilmir. Statistikalar onu deməyə əsas verir ki, adətən, yeniyetmələrin evdən qaçmasına səbəb zorakılıqdır. Elə bu hadisədə də ailə böyükləri arasında baş verən zorakılığa şahid olan yeniyetmə evi tərk edib. Nə baş verəcəyini, kimlərlə rastlaşacağını, küçə həyatında necə yaşaya biləcəyini düşünmədən … Evdən qaçmaq yeniyetmə üçün ciddi travma riski yaratmaqla yanaşı, valideynlərin də narahatlığına səbəb olur.
Bütün hallarda məsuliyyət valideynin üzərinə düşür. Valideyn öz davranışlarına cavabdeh olmalıdır. Vərdişlərinin ailəsinə, xüsusən də övladına necə təsir edəcəyini götür-qoy etməlidir. Mənim fikrimcə, bu gün hələ özünün “böyüməsinə” ehtiyacı olan ata-analar var.
Belə davam edərsə, ailəsindən qaçan uşaqların sayı artacaq, başqasına fiziki zorakılıq tətbiq edən yeniyetmələr çoxalacaq, ailə intizamı, bütövlüyü məsələsi tarixə gömüləcək. Ailələrin sosial-psoxoloji vəziyyəti barədə ciddi sosial araşdırmalar edilməli, problemlə birbaşa peşəkarlar işləməlidirlər. Bu gün ailələrlə işləyən xüsusi sosial işçilər olmalıdır. Bununla bağlı metodika hazırlanmalıdır, iş mexanizmi qurulmalıdır. Konkret olaraq ölkənin sosial-psixoloji durumuna uyğun formada peşəkarlar hazırlanmalıdır. Yalnız bundan sonra ideal cəmiyyətdən danışa bilərik.
www.yenicag.az