Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Uyğunluq nişanının verilməsi QAYDALARI dəyişdi - Baş nazirdən mühüm QƏRAR

Nazirlər Kabineti “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nı təsdiq edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Bu Qaydalar “Texniki tənzimləmə haqqında Qanuna uyğun olaraq uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını müəyyən edir.

Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

Uyğunluq nişanı – malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlə müəyyən edilmiş tələblərə uyğunluğunu göstərən nişan;

Uyğunluğun qiymətləndirilməsi – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentin tələblərinə uyğunluğunun müəyyən edilməsi prosesi;

Texniki reqlament – mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki normativ hüquqi akt;

Təsərrüfat subyekti – istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent).

Bu Qaydaların məqsədləri üçün istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Qanunda nəzərdə tutulan mənaları ifadə edir.

Uyğunluq nişanının istifadəsi və verilməsi

Forması bu Qaydaların əlavəsinin 1-ci şəklində göstərilən uyğunluq nişanı malların, onunla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğun olduğunu göstərir.

Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş uyğunluq sertifikatları, “Texniki tənzimləmə haqqında” Qanunla müəyyən olunmuş qaydada tanınmış xarici mənşəli uyğunluq sənədləri və ya təsərrüfat subyektlərinin tərtib etdiyi uyğunluq bəyannamələri ilə təmin edilmiş mallara, onunla əlaqəli proseslərə və istehsal metodlarına təsərrüfat subyektləri tərəfindən uyğunluq nişanı tətbiq olunur.

Forması bu Qaydaların əlavəsinin 2-ci və 3-cü şəkillərində göstərilən əmsallar uyğunluq nişanının müxtəlif elementləri arasındakı məsafə nisbətlərini ifadə edir.

Bu Qaydaların əlavəsinin 1-ci şəklində göstərilən uyğunluq nişanının ümumi təsviri (eni və uzunu) beş mm-dən az ola bilməz.

Mal uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədi ilə təmin olunduğu halda, uyğunluq nişanı birbaşa malın üzərinə vurulur.

Mal ilə əlaqəli proses və ya istehsal metodları uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi ilə təmin olunduğu halda, uyğunluq nişanı onların texniki sənədlərinin yuxarı sağ küncünə vurulur.

Uyğunluq nişanını birbaşa mala (qazlı, maye və dənəvər materiallara və maddələrə) tətbiq etmək mümkün olmadıqda qablaşdırmaya tətbiq edilir.

Uyğunluq nişanı qablaşdırmaya tətbiq edildikdə, texniki reqlamentlərin tələblərinə uyğunluğu təsdiq edilməmiş mallar üçün belə qablaşdırmanın istifadəsi yolverilməzdir.

Texniki reqlamentlərin tələblərinə cavab verməyən və ya texniki reqlamentdə nəzərdə tutulmuş üsulla uyğunluğu qiymətləndirilməmiş mallara, habelə malla əlaqəli proseslərə və istehsal metodlarına dair tərtib edilmiş texniki sənədlərə uyğunluq nişanı vurula bilməz.

Uyğunluq nişanı aydın görünməli və tətbiq edilən səthin rəngindən fərqlənməlidir. Malların, habelə mal ilə əlaqəli proseslər və istehsal metodlarına dair tərtib edilmiş texniki sənədlərin uyğunluq nişanı ilə nişanlanmasına aşınma, tökmə, oyma, çapetmə, ştamplama yerlərində yol verilmir və aydın görüntüsünü, xarici təsirlərə qarşı müqavimətini və malların yararlılıq müddətində dayanıqlılığını təmin edən üsullarla həyata keçirilir. Uyğunluq nişanının təsvirinin ayrı-ayrı elementlərinin qismən təkrar edilməklə tətbiqinə icazə verilmir.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin, habelə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası”na uyğun olaraq tanınmış xarici mənşəli uyğunluq sənədlərinin ləğv edilməsi barədə qərar qəbul edildiyi halda, mala, qablaşdırma materialına və ya texniki sənədlərə tətbiq edilən, habelə bu məqsədlə hazırlanmış uyğunluq nişanları təsərrüfat subyekti tərəfindən İqtisadiyyat Nazirliyinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə onların sonrakı bərpasını və ilkin şəkildə istifadəsinin mümkünlüyünü istisna edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə məhv edilir.

Təsərrüfat subyekti bu Qaydalarla müəyyən olunmuş qaydada uyğunluq nişanlarının məhv edilməsi zamanı səlahiyyətli nümayəndənin iştirakının təmini məqsədilə uyğunluq sertifikatlarının, uyğunluq bəyannamələrinin, tanınmış uyğunluq sənədlərinin ləğvi barədə qərar qəbul edildiyi tarixdən üç iş günündən gec olmayaraq Nazirliyə müraciət edir. Ərizəyə təsərrüfat subyektinin özünün sərbəst seçdiyi malların zərərsizləşdirilməsi və məhv edilməsi üzrə ixtisaslaşmış müəssisələrlə bağlanılmış müqavilə əlavə olunur.

Nazirlik ən geci beş iş günü müddətində səlahiyyətli nümayəndənin ayrılmasını təmin edir və onun soyadı, adı, atasının adı və əlaqə vasitələri barədə yazılı məlumatı təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir. Təsərrüfat subyekti səlahiyyətli nümayəndə barədə məlumatı aldığı tarixdən yeddi iş günündən gec olmayaraq, uyğunluq nişanlarının məhv edilməsini təmin etməlidir.

Uyğunluq nişanlarının məhv edilməsi “İstehsalat və məişət tullantıları haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” qanunlarına uyğun həyata keçirilir.

Məhvetmə iki nüsxədə tərtib olunaraq Nazirliyin səlahiyyətli nümayəndəsinin və təsərrüfat subyektinin imzası ilə təsdiq edilmiş aktla rəsmiləşdirilir.

Məhvetmə ilə bağlı aktda təsərrüfat subyektinin soyadı, adı, atasının adı, VÖEN-i (hüquqi şəxs olduqda adı, hüquqi ünvanı və VÖEN-i, səlahiyyətli nümayəndəsinin soyadı, adı və atasının adı), Nazirliyin səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı, vəzifəsi, nişanların məhv edildiyi yer, məhvetmə üsulu və məhv edilən nişanların sayı göstərilir.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin, habelə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası”na uyğun olaraq tanınmış xarici mənşəli uyğunluq sənədlərinin qüvvəsinin dayandırıldığı barədə qərar qəbul edildiyi halda mala, qablaşdırma materialına və ya texniki sənədlərə tətbiq edilmiş, habelə bu məqsədlə hazırlanmış uyğunluq nişanlarının istifadəsi təsərrüfat subyektləri tərəfindən dayandırılır. Uyğunluq sertifikatının, uyğunluq bəyannaməsinin və ya tanınmış xarici mənşəli uyğunluq sənədinin qüvvəsi bərpa edildiyi halda təsərrüfat subyekti həmin uyğunluq nişanından yenidən istifadə edir.

www.yenicag.az

264
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100