!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valyuta ehtiyatlarından qeyri-müəyyən İSTİFADƏ: “O pulların yenə də təyinatı üzrə xərclənməməsi...” – ŞƏRH

!Reklam – Yazi

“Optimal bir mexanizm qurulmadan bu addımın atılması gözlənilən nəticəni verməyəcək”.

Bu fikirləri Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsinin real sektora yatırılması imkanlarını dəyərləndirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkənin valyuta ehtiyatlarını tam sərf etmək ciddi problemlər yarada bilər:

“Prinsip etibarilə, Azərbaycanın maliyyə rezervlərindən istifadə olunur. Bu sırada ilk növbədə Neft Fondundan dövlət büdcəsinə, Mərkəzi Banka transferləri qeyd edə bilərik. Ümumiyyətlə, Azərbaycanın valyuta ehtiyatları deyildikdə, Neft Fondunun vəsaitləri nəzərdə tutulur və o pullardan qismən istifadə olunur.

Sadəcə, o vəsaitlərin hamısından istifadə edilməsi kifayət qədər riskli addım olardı. Xatırladım ki, əvvəldən də bəyan edilmişdi ki, Neft Fondundakı vəsaitlər gələcək nəsillər üçün olmaqla yanaşı, həm də dövlətin iqtisadi təhlükəsizliyinin təminatıdır. Çünki sabah enerji daşıyıcılarının qiymətinin necə dəyişəcəyini proqnozlaşdırmaq imkan xaricindədir. O baxımdan, valyuta ehtiyatlarını tam sərf etmək ciddi problemlər yarada bilər.

Əlbəttə, mən razıyam ki, dövlət səviyyəsində həyata keçirilən bir sıra miqyaslı layihələrin icrası vacibdir. İndi biz bütün ehtiyatlarımızı o işlərə xərcləsək, sabah vəziyyət kəskin dəyişəndə nə edəcəyik? Təəssüf ki, ölkənin qeyri-neft sektorunda inkişaf arzuedilən səviyyədə deyil. Ölkənin əsas gəlirləri yenə də neft və qazdandır.

İndiki halda söhbət haqqında danışdığımız valyuta ehtiyatlarının bir hissəsinin istifadə olunmasından gedə bilər. Qeyd olunmalıdır ki, bizim maliyyə institutlarımız, banklarımız xaricdən daha baha qiymətə vəsait cəlb edirlər. Çox mümkündür ki, o pullar elə əlverişli şərtlərlə banklara verilsin.

Ancaq buna gedilməməsinin səbəbi odur ki, ölkənin bank qanunvericiliyi təkmil deyil və maliyyə intizamı yetərli deyil. Açıq desək, iqtisadiyyatın inkişafı məqsədilə cəlb edilən vəsaitlərin yenə də təyinatı üzrə xərclənməməsi qorxusu çoxdur. Biz dəfələrlə belə halların şahidi olmuşuq. Optimal bir mexanizm qurulmadan bu addımın atılması gözlənilən nəticəni verməyəcək”.

A.Zeynalov

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv