Hər bir xalqın tarixində və taleyində mühüm hadisələr baş verir. Elə bir hadisələr ki, uzun əsrlər keçsə də onlar unudulmur. Azərbaycan xalqının tarixində də belə bir hadisə 2020-ci ildə, 44 günlük Vətən savaşı zamanı baş verdi. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu misilsiz tarixi qəhrəmanlıqlar göstərdi, torpaqlarımız düşmən tapdağından azad edildi. Ondan sonra 2023-cü ilin sentyabrında bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi bərpa edildi. Bəli, bu gün Azərbaycan dövləti artıq müstəqillikdən sonra ilk dəfədir ki, bütün ərazisinə nəzarət edir, bütün ərazisində dövlət suverenliyini bərpa edib. Bunun nəticəsi olaraq da fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində ilk dəfə olaraq bütün ərazilərimizdə əhali səsvermədə iştirak edəcək. Ümumiyyətlə, bu seçkilər 2 baxımdan tarixi əhəmiyyət kəsb edir. Birincisi, qeyd etdiyimiz kimi seçkilər müstəqillikdən sonra bütün ərazilərimizdə keçriləcək seçki kimi tarixə düşəcək. İkincisi, bu seçkilər xalqın cənab Prezident İlham Əliyevin 20 illik hakimiyyətinə qiyməti kimi də tarixdə öz yerini tutacaq. Təbii ki, burada ötən 20 il ərzində həyata keçirilən işlərin hamısını sadalasaq buna bəlkə də aylar lazım olar. Çünki, əslində, bu 20 ildə Azərbaycan 200 illik bir yol qət edib, 200 illik fəaliyyətə sığışa bilən uğur qazanıb.