"Sosial şəbəkələrin populyarlaşmasının obyektiv və subyektiv səbəbləri var. Hər şeydən öncə texnologiyanın inkişafından sonra insanların həyatının böyük ölçüdə vizuallaşması amili nəzərə alınmalıdır. İnsanlar telefonda çox vaxt keçirir və ilk qarşılaşdıqları informasiyanın arxasınca çox az hallarda düşürlər. Təbii ki, ağırlıq yükü çox olan informasiyalara maraq azalıb. Bu da informasiyanı dəqiqləşdirən hadisə yaxud hansısa məsələ ilə bağlı daha təfərrüatlı məlumat verməyə çalışan ənənəvi medianı geridə qoyur. İnformasiya istehlakçıları hadisə baş verəndən dərhal sonra məlumat almaq istəyirlər. Bu vəziyyət həm də informasiya təhlükəsizliyinə problem yaradır, çünki oxucu, yaxud tamaşaçının rəyi ilk qarşılaşdığı informasiya ilə formalaşır, onların az hissəsi bu informasiyanı dəqiqləşdirməyin arxasınca düşürlər. Nəticədə informasiya kirliliyi yaranır. Bunu obyektiv səbəb adlandırmaq olar, yəni hər şey müasir insanın tələbatı, istəkləri çərçivəsində baş verir".